• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr 2017-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupu tələbələrinin konserti haqqında

    13 dekabr, 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Kiçik zal”ında “Konsertmeyster ustalığı” kafedrasının müdiri, əməkdar müəllim, fəlsəfə doktoru, professor Leyla Abasquliyevanın, əməkdar müəllim, professor Gülnarə Acalovanın, dosent Gülnarə Məmmədyarovanın və baş müəllim Gülnarə Əhmədzadənin "Sabah" qrupu tələbələrinin iştirakı ilə konsert proqramı rəngarəng, maraqlı proqramı, konsertmeyster-tələbələrin və solistlərin uğurlu ifaları ilə yaddaşlarda iz buraxdı. Artıq uzun illərdir bu kafedrada çalışan peşəkar müəlllimlər öz yüksək pedaqoji ustalıqlarını dəfələrlə keçirtdikləri konsertlərdə, tələbələrinin müsabiqələr və imtahanlardakı çıxışları ilə nümayiş etdirmişlər. Elə bu dəfə də biz bu fikrin bir daha şahidi olduq. Orijinal və yeni seçilmiş repertuar və burada müəllimlərin maraqlı təfsirləri, onların əsərlərin ruhuna nüfuz edərək obrazlı şəkildə ifaçıların təxəyyüllərində canlandırmaları, eyni zamanda tələbələrin ifa zamanı öz tərəf müqabillərini həssaslıqla hiss etmələri müəllim ustalığının bariz nümunəsidir desək, heç də yanılmarıq.

    Konsertin ilk nömrəsi professor Leyla Abasquliyevanın III kurs tələbəsi K.Nəcəfquliyevanın ifasında G.Baltazarın trumpet və fortepiano üçün Sonatasının II,III hissələri oldu. Tələbənin ifası müəllimlərinin əsərlərə peşəkarlıqla yanaşmasından, onların ideya və bədii məzmunu mahircəsinə duyaraq çatdırmasından xəbər verirdi. Burada Leyla Abasquliyevanın müəllim işi öz məziyyətləri ilə nümayiş olunaraq əsərlərin üslub xüsusiyyətlərinin aydın çatdırılmasına təkan verdi. Leyla xanımın hər dörd tələbəsinin çıxışları zamanı müəllimlərinin həssas musiqiçi qəlbi, incə musiqi duyumu ifa olunan əsərlərin bədii təsir gücünün çatdırılmasına böyük zəmin yaratdı.

    Daha sonra dosent Gülnarə Məmmədyarovanın tələbəsi Ağayeva Mədinə P.İ.Çaykovskinin "Net, tolko tot, kto znal" romansını ifa edərək, həssas müşayiəti ilə rus musiqi üslubunun incə ruhunu dəqiqliklə ifadə etdi. Gülnarə xanımın yetkin baxışları, böyük ustalığı ikinci tələbəsinin ifasında aydın hiss olu¬naraq əsərlərin uğurlu ifasını şərtləndirdi. Xüsusilə S.Raxmaninovun "Bahar suları" romansı Gülnarə Məmmədyarovanın gözəl təfsirçi, Raxmaninov ruhunu dərindən duyması, maraqlı ifa elementləri, zəngin düşüncə tərzinə sahib olması və səriştəli, pedaqoq peşəkarlığını bir daha sərgiləmiş oldu.

    Növbəti çıxışda professor Gülnarə Acalovanın IV kurs tələbəsi Minurə Nəcəfzadənin balabanın müşayiəti ilə Ə.Tağıyevin "Sən gəlməz oldun" mahnısının ifası konsertin ümumi axarına xüsusi bir rəng qatmış oldu. Ecazkar aləmə qərq olmuş konsert tamaşaçıları ifaçıların səslənmə sehrinə valeh olmuşdular. Müxtəlif konsert proqramları ilə çıxış edən Gülnarə xanım bu dəfəki konsertdə də təzadlı proqram seçimi, tələbələrinin ifalarında maraqlı ifadə vasitələrindən istifadəsi, zəngin tembr palitrasından yüksək peşəkarlıqla yararlanması ilə öz ustalığını əminliklə təsdiqlədi. Onun çıxış edən hər beş tələbəsinin ifaları müəllimlərinin yüksək musiqi zövqünü təsdiq etmiş oldular.

    Baş müəllim Gülnarə Əhmədzadənin III kurs tələbəsi Rizvanova Günelin ifasında Azərbaycan musiqisinin korifeyi Q.Qarayevin "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları dinləyicilərin xüsusi marağına səbəb olaraq əlvan rəng keçidləri, parlaq təzadları ilə diqqəti cəlb etdi. Gülnarə xanımın əsərin üslub xüsusiyyətlərinə, səslənmə ahənginə verdiyi önəm tələbənin ifasında bütün təfərrüatları ilə təqdim olundu.

    Konserdə çıxış edən illüstratorları da xüsusilə qeyd etmək lazımdır. Onlardan vokalçılar - əməkdar artist Rəna Məmmədova, Dmitriy Babayev və b. öz məharətlərini böyük ustalıqla nümayiş etdirmiş oldular.