• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 dekabr 2017-ci il

    "Elmira Abasova-85". Tarix boyu çox az sayda insan var ki , fərqli düşüncə xüsusiyyətlərini, yüksək bilik səviyyəsini, yazıb-yaratmaq eşqi kimi nəcib hisslərin hər birini özündə cəmləşdirməsi ilə seçilsin.

    Təbii ki, ilk öncə ən mühüm səbəbi yüksək səviyyəli mühitlərdə yetişmələri və şəxsiyyət olaraq formalaşmalarıdır. Belə şəxsiyyətlərin elmi-tədqiqatları, kitabları, məqalələri, yeni axtarış üslubları hər zaman bəşəriyyət üçün dəyərli olmaları ilə yanaşı gələcək nəsillər üçün çox qiymətli mirasdır.
    Bu dəyərli mirasların sahibləri sözsüz ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rol oynamış görkəmli simaların adları ilə bağlıdır. Bu gün Azərbaycan professional musiqi mədəniyyətində kifayət qədər çoxşaxəli yaradıcılığı ilə musiqi sənətinə dərin iz buraxmış görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın yaradıcılığına nəzər salacayıq.
    Elmira Abasova öz parlaq yaradıcılığı ilə Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri ilə seçilən bir şəxsiyyətdir. Demək olar ki, musiqinin bütün sahələrinə müraciət edən pedaqoq musiqişünaslığın inkişafına yeni meyarlar əlavə etmişdir. Onun yaradıcılığında musiqi elmi, musiqi tənqidi, musiqi publisistikası, və digər dəyərli axtarışları açıq aydın görə bilərik.
    O, musiqişünaslığın inkişafında və həmçinin XX əsr Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə dərindən maraqlanmış, onların öyrənilməsi və tədqiqində mühüm xidmətləri olmuşdur.
    Elmira Abasova 1932-ci il yanvar ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1946-1950-ci illərdə Asəf Zeynallı adına musiqi texnikumunda, 1950-1955-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsil almışdır. 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda «Üzeyir Hacıbəyovun komediyalarında opera və musiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dosent, 1980-ci ildən isə professor kimi pedaqoji fəaliyyətini davam etdirərək 1977-1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. Elmira Abasovanın Azərbaycan musiqisinə verdiyi dəyərli töhfələr dövlət tərəfindən yüksək qiymətləndirilmiş 1967-ci ildə Azərbaycan Respublikasının «Əməkdar İncəsənət xadimi» fəxri adına, 1981-ci ildə Qırmızı Əmək Ordeni ilə təltif olunmuşdur.
    Musiqi mədəniyyətinin görkəmli şəxsiyyəti Elmira Abasovanın yaradıcılığında hər zaman dahi bəstəkarların, ifaçıların və digər musiqi xadimlərinin yaradıcılığının yaxından öyrənilməsi dayanırdı. Musiqişünasın axtarışının əsas qayəsi Üzeyir Hacıbəyli irsinin dərindən tədqiqi və təhlili idi. Elmira Abasova dahi bəstəkarın həyat və yaradıcılığına dair 5 kitab, oçerklər («Ü. Hacıbəyovun opera və musiqili komediyaları», Ü.Hacıbəyovun «Koroğlu» operası, «Ü.Hacıbəyov», «Ü.Hacıbəyov həyat və yaradıclıq yolu») monoqrafiya və məqalələrin həmçinin «Ü.Hacıbəyov» biblioqrafiyasının müəllifidir.
    Elmira Abasovanın yaradıcılığında elmi-tədqiqat işləri mühüm əhəmiyyət kəsb edir. Musiqişünasın müraciət etdiyi tədqiqatlardan biri Azərbaycan şifahi ənənəli professional musiqisinin ən mükəmməl janrlarından olan muğamın tədqiqi idi. Belə ki, 1955-ci ildə «Muğam Azərbaycan bəstəkarlarının yaradıcılığında» adlı yeni bir mövzu işləyərək Azərbaycan muğamı haqqında elmi-nəzəri məqalələr yazmışdır.
    Görkəmli musiqişünas yaradıcılığında 22 kitabın və 300-dən artıq məqalənin müəllifi olaraq Azərbaycan musiqişünaslığının inkişafında misilsiz xidmətləri ilə seçilmişdir.
    Vurğulamaq lazımdır ki, görkəmli musiqişünasın illərcə rəhbərlik etdiyi musiqi ocağında daima Elmira Abasovaya həsr olunmuş konfranslar, konsertlər, tədbirlər keçirilir .
    29 noyabr 2017-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 85 illiyinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.
    Nüfuzlu incəsənət xadimlərinin, professorların birgə iştirakı ilə keçirilən elmi-nəzəri konfransda ilk öncə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli gələn qonaqları salamlayaraq öz məruzəsində Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətindəki mühüm rolundan söhbət açaraq professorun musiqi elmi, musiqi tənqidi və publisistikası, elmi-nəzəri fəaliyyəti haqqında geniş müzakirələr aparmışdır.
    Məruzələr sırasında professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə «Elmira Abasovanın elmi və ictimai fəaliyyəti», AzDMİU rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva «Ü.Hacıbəylinin bəstəkarlıq konsepti: bu günün baxışı», professor, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva «E.Abasovanın elmi yaradıcılığında nəzəri problemlər», professor, əməkdar müəllim Ülviyyə İmanova «Elmira Abasova-Azərbaycan musiqişünaslığının görkəmli nümayəndəsi», sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Zümrüd Axundova-Dadaşzadə «Q.Qarayev yaradıcılığı Elmira Abasovanın tədqiqatlarında», sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kamilə Dadaşzadə «Elmira Abasova tədqiqatlarında epik diskurs problemləri», professor, sənətşünaslıq namizədi Leyla Fərəcova-Məmmədova «Müəllimim E.Abasova haqqında düşüncələrim», Alla Bayramova «Слово об замечательном учителе Э.Абасове» mövzuları ətrafında Elmira Abasovanın bitib-tükənməyən yaradıcılığını əks etdirən məruzələr səsləndirildi.
    Konfransda məruzələrlə yanaşı Elmira Abasovanın yaradıcılığını əks etdirən vidio-çarx təqdim olundu.
    İncəsənət xadimlərinin, professorların iştirakı ilə keçirilən konfransda həmçinin gənc musiqişünaslarda iştirak edirdilər. Səslənən bütün məruzələr auditoriya tərəfindən maraqla qarşılandı. Sözsüz ki, gənc nəslin Elmira Abasovanın tələbələrindən dinlədiyi məruzələr çox mühüm və dəyərlidir.
    Elmi-nəzəri konfransın ardınca Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə, 1 dekabr 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 85 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
    Konsertdə ilk öncə Elmira Abasovanın qızı fəlsəfə doktoru, dosent Kamina Məmmədova öz çıxışında görkəmli musiqişünas haqqında xoş ürək sözlərini deyərək pedaqoqun Azərbaycan musiqi mədəniyyətindəki mühüm rolundan söhbət açmışdır.
    Bunun ardınca Azərbaycan musiqi mədəniyyəti tarixində beynəlxalq nüfuz qazanmış musiqiçilərin iştirakı ilə konsert proqramı keçirildi.
    Səhnəyə ilk öncə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin solisti Aleksey Miltıx və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Səidə Tağızadə XIX əsrin sonu-XX əsrin birinci yarısında yaşayıb yaratmış görkəmli rus bəstəkarı, dünya şöhrətli pianoçu S.V.Raxmaninovun mahnı-romans yaradıcılığına müraciət edərək vokal lirikasının əvəzolunmaz nümunələrindən olan «Vokaliz» əsərini ifa etdilər. Musiqinin dərin mənasını, incə hisslərini, saf lirizmini ifaçılar öz peşəkar çıxışlarında təqdim etdilər.
    Növbəti ifanı Əməkdar İncəsənət xadimi, professor Ülviyyə Hacıbəyova və Əməkdar artist, professor Gülnaz İsmayılovanın ifasında S.V.Raxmaninovun «Şərq mahnısı» üslubuna aid olan «Не пой, красавица, при мне» romansı səsləndi. Əlbəttə ki, vokal ifaçısının professional ifası dinləyicilərə romansın məzmununu geniş əks etdirməyə imkan verdi.
    Uğurlu çıxışın ardınca Aleksey Miltıx və Səidə Tağızadənin ifasında XIX əsr alman musiqi romantizminin parlaq nümayəndələrindən biri Robert Şuman yaradıcılığından fortepiano silsilə əsəri olan «3 fantastik pyes»i yüksək ustalıqla ifa etdilər. Cello və fortepiano alətlərinin birgə vəhdəti dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
    Əməkdar İncəsənət xadimi, professor Ülviyyə Hacıbəyova Polşa klassik musiqisinin banisi, musiqi incəsənəti tarixinə dahi pianoçu kimi daxil olmuş F.Şopen yaradıcılığına müraciət edərək milli polyak rəqsi olan polonez rəqsini yüksək ustalıqla səsləndirdi.
    Rəngarəng musiqi proqramı ilə çıxış edən musiqiçilərin növbəti ifası Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Beynəlxalq və müsabiqələr laureatı, Prerzident təqaüdçüsü Atabala Manafzadə və Şeyda Ələsgərovanın ifasında səsləndi. Belə ki, ifaçılar 19-cu əsr fransız musiqi mədəniyyətinin parlaq nümayəndələrindən biri Jorj Bize yaradıcılığına müraciət edərək «Karmen» Fantaziyasını ifa etdilər. Gənc ifaçıların məharətlə çıxışı zamanı dinləyicilərə çatdırmaq isdədikləri musiqinin emosionallığı auditoriya tərəfindən yüksək qiymətləndirildi.
    Daha sonra Aleksey Miltıx və Səidə Tağızadə Azərbaycan musiqi mədəniyyətinin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletindən Prelüd və rəqsi səsləndirdilər.
    Bunun ardınca professor Ülviyyə Hacıbəyova Gülarə Əliyevanın «Rapsodiyasını» və Niyazi-konsert valsını yüksək ustalıqla ifa etdi.
    Auditoriyanı valeh edən növbəti ifalardan biri professor Ülviyyə Hacıbəyova və Gülnaz İsmayılovanın ifasında səsləndi. Belə ki, ifaçıların müraciət etdiyi repertuar dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığında zəngin irsi təşkil edən əsəri «Arşın mal alan» musiqili komediyasından «Gülçöhrənin ariyası» və Niyazinin «Arzu» romansı idi. Musiqinin emosinal təsir gücünü öz ifası ilə tərənnüm edən vokalist dinləyicilər tərəfindən maraqla qarşılandı.
    Konsertin sonunda Xalq artisti, professor Yeganə Axundova və professor Ülviyyə Hacıbəyovanın birgə ifasında Azərbaycan professional musiqi tarixinə estrada musiqi janrının banisi kimi daxil olan görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığından «Qaytağı» əsəri səsləndi. Əsərin bütün texniki imkanlarının mürəkkəb olmasına baxmayaraq professional ifaçıların çıxışı bütün dinləyicilər tərəfindən heyranlıqla qarşılandı. Sözsüz ki, hər zaman öz möhtəşəm ifaları ilə yaddaşlarda qalan Yeganə Axundova və Ülviyyə Hacıbəyovanın birgə ifası konsertin gurultulu alqışlarla bitməsi ilə sona çatdı.
    Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın anadan olmasının 85 illiyinə həsr olunmuş konsert proqramı təqdirəlayiq şəkildə həyata keçirildi. Şübhəsiz ki, konsertin möhtəşəmliyi onun proqramında müxtəlif musiqi janrlarının cəmləşdirilməsi, ifaçıların professional çıxışı, yüksək ustalıqla əsərlərin məzmununu dinləyicilərə çatdırılması və auditoriyanı valeh etməsi idi.
    Görkəmli şəxsiyyət olan Elmira Abasovanın özünə məxsus zəngin musiqi irsi hər zaman diqqət mərkəzindədir. Onun elmi-nəzəri tədqiqatları, kitabları, məqalələri o cümlədən musiqi sahəsinə verdiyi dəyərli töhfələri Azərbaycan musiqi mədəniyyəti üçün çox dəyərlidir. Təməl daşı görkəmli bəstəkar, musiqişünas Üzeyir Hacıbəyli tərəfindən qoyulan professional Azərbaycan musiqisinin davamçısı olan Elmira Abasovanın təqdirəlayiq yaradıcılığı hər zaman gənc musiqişünaslar üçün çox mühümdür.
    Şübhəsiz ki, daima əbədi yaşar şəxsiyyətin yaradıcılığ irsi Azərbaycan professional musiqi mədəniyyətində nəsildən-nəsilə ötürülərək yaşayacaq!....

    Musiqişünas Əhmədova Minacat