• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 noyabr 2017-ci il

    UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert keçirilib


    23 noyabr 2017-ci il tarixində UNESCO-nun Parisdəki baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı, Gürcüstan və Almaniya nümayəndələrinin iştirakı ilə almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə böyük konsert proqramı keçirilib.
    Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, müxtəlif ölkələrin UNESCO yanındakı səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. Əvvəlcə ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan, Gürcüstan və Almaniyadan gəlmiş musiqiçilərin bu ölkələrin ənənəvi və klassik musiqilərini səsləndirəcəklərini qeyd edib. Bildirib ki, konsertdə Azərbaycan muğamı ilə yanaşı, gürcü polifonik mahnısı və İ.S. Baxın klassik əsərləri ifa olunacaq .
    Daimi nümayəndə qeyd edib ki, Azərbaycan muğamı və gürcü polifonik mahnısı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Konsertin almanların Cənubi Qafqaza, xüsusilə də Azərbaycana miqrasiyanın 200 illiyinə həsr edildiyini vurğulayan A.Kərimov onların ölkəmizdəki zəngin irslə tanış olmaq üçün ölkəmizə, eləcə də UNESCO-nun baş qərargahında keçirilən sərgiyə baxmağa dəvət edib. Qısa zaman kəsiyində almanların yerli əhaliyə asanlıqla inteqrasiyasının xalqımızın istiqanlılığı, digər mədəniyyətlərə hörməti sayəsində mümkün olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban ailə kimi yaşayırlar. Tolerantlıq xalqımızın gündəklik həyat tərzidir.
    Qeyd edilib ki, Azərbaycan höküməti bütün etnik və dini icmaların tarixi və mədəni irsinin qorunub saxlanmasına, bərpasına xüsusi diqqət ayırır. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbirə verdikləri dəstəyə görə UNESCO rəhbərliyinə və katibliyinə təşəkkür edib. Nazir tədbirin Azərbaycanda hökm sürən multikulturalizmin və dini tolerantlığın bir nümunəsi olduğunu qeyd edib. Ə.Qarayev Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdəki abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib. Nazir, həmçinin Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama müvafiq olaraq hazırlanmış tədbirlər planı haqqında danışıb.
    Azərbaycanın mədəniyyətlər və dinlər arasında dialoqun möhkəmlənməsi üçün gördüyü işlərdən söz açan Əbülfəs Qarayev multikultural yaxınlaşma və digər mədəniyyətləri daha yaxından tanıma nəticəsində dünyadakı bir çox problemlərin asanlıqla həll oluna biləcəyini qeyd edib. “Bakı prosesi” nə toxunan nazir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunda UNESCO-nun ölkəmizin əsas tərəfdaşı olmasından fəxr etdiklərini vurğulayıb.
    Nazir “Bakı Prosesi” nin 10 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Sərəncam imzaladığını diqqətə çatdırıb.
    UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt Gücüstanın UNESCO yanındakı nümayəndəliyinin rəhbəri Ekaterina Siradze-Dölone, Almaniyanın qurumdakı nümayəndəliyinin rəhbəri Stefan Kravyelski çıxış edərək ölkəmizdəki tolerant mühitdən, Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsindən danışıblar.
    Çıxışdan sonra Fuad Axundov ölkəmizə gəlmiş almanların tarixi ilə bağlı məlumat verib.
    Sonra ölkəmizdə almanların yaşadıqları məkanlar, onların həyat tərzi ilə bağlı sənədli film nümayiş etdirilib.
    Daha sonra konsert proqramı təqdim olunub.
    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestriyeni nəfəs və parlaq emosionallığı ilə Azərbaycan və alman bəstəkarlarının əsərlərini dirijor Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə dinləyicilərə bəxş etdi. Konsertdə ifa olunan rəngarəng proqram tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılandı.
    İfaçılar qismində - Azərbaycan Respublikasının Əməkdar artistlər Sahib Paşazadə (tar), Teyyub Aslanov (xanəndə), İlham Nəzərov (vokal), həmçinin Şirzad Fətəliyev (balaban), Murad İbrahimov (xanəndə), Ümidə Abbasova (skripka) və Gürcüstanın “Rustavi” xoru çıxış edib.
    Proqramda Alman, Azərbaycan bəstəkarlarının əsərləri, azərbaycan və gürcüstan xalq musiqisi səslənib. Konsert yüksək səviyyədə baş tutaraq tamaşaçıların gurultulu alqışlarına səbəb olub.
    Sonra tədbir iştirakçıları almanların Cənubi Qafqaza gəlişinin 200 illiyi münasibətilə təşkil edilmiş sərgini ziyarət ediblər.