• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 noyabr 2017-ci il

    Bəstəkar ömrünə bir nəzər...
    Azərbaycan musiqi mədəniyyətinə adlarını qızıl hərflərlə yazdıran neçə nəsil bəstəkarlar yetişmiş və fəaliyyət göstərmişdir ki, onların yaradıcılığına bu gün də sevə-sevə müraciət olunur, əsərləri mütəmadi olaraq səsləndirilir və yad edilir.

    Bəstəkarın ölümsüzlüyü də məhz bundadır. Danılmaz faktdır ki, ölməz bəstəkarların gələcək üçün qoyub getdikləri miras təkcə yaratdığı əsərlər deyil həmçinin öz biliklərini yüksək ustalıqla aşıladığı və yetişdirdiyi tələbələridir. Şübhəsiz ki, peşəkar məktəb keçən bu tələbələr verilən bilikləri dərindən mənimsəyərək özləri də zamanla müstəqil addımlayan musiqi xadimlərinə çevrilir. Bununçün təbii ki, istedad da önəmli rol oynayır.

    Günümüzdə, təməli dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş bəstəkarlıq məktəbinin ənənələri daha da inkişaf etməkdədir.Bu gün biz əminliklə deyə bilərik ki, dahi bəstəkarların (Q.Qarayev, C.Hacıyev) sinfində təhsil alaraq dərin biliklərə yiyələnmiş və hazırda fəaliyyət göstərən olduqca istedadlı, bir çox orta nəsil bəstəkarlarımız vardır ki, onlar (Arif Məlikov, Aydın Əzimov, Oqtay Rəcəbov, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Elnarə Dadaşova, Azər Dadaşov, Cəlal Abbasov, Nazim Mirişli və s.) bəstəkarlıq ənənələrini böyük həvəslə yaşadıb yaratmaqda davam edirlər. Onların yaradıcılığı isə gənc nəsil musiqişünaslar tərəfindən işıqlandırılır və əsərləri gənc ifaçıların konsert repertuarında parlaq yer tutur. Artıq ənənə halını almış bu proses Azərbaycan Bəstəkarlar İttifaqında davamlı olaraq keçirilir.

    Bu dəfə də daha bir bəstəkar ömrünə nəzər yetirildi. Belə ki, noyabr ayının 16-sı Azərbaycan Bəstəkarlar İttifaqının konsert salonunda – tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovanın yaradıcılığına həsr olunmuş Elmi konfrans və Kamera konserti keçirildi.

    Elnarə Dadaşova dahi bəstəkar Q.Qarayev sinfinin ləyaqətli yetirməsidir və öz yaradıcılığında muğam və aşıq musiqisinə təbii istinad edə bilən bəstəkarlardan biridir.Bəstəkar uzun illər mugam sənətini və aşıq musiqisini tədqiq etmiş, bir çox Azərbaycan xalq mahnı və rəqslərini eləcə də muğamlarımızı nota salmış və elmi tədqiqatlarına cəlb etmişdir. Elnarə Dadaşova 50 ildən artıq müddətdir ki, bəstəkar kimi fəaliyyət göstərir. O, bu illər ərzində demək olar ki, musiqinin bütün janrlarına müraciət etmiş və özünəməxsus, gözəl sənət nümunələri yaratmışdır. Simfoniyalar,balet, fortepiano konserti, simfonik suitalar, xor əsərləri, vokal simfonik əsərlər, kvartetlər, fortepiano və orqan aləti üçün kompozisiyaların, xalq çalğı alətləri,nəfəsli alətlər, kamera orkestrləri, uşaq xor kollektivləri və solistləri üçün bir sıra əsərlərin müəllifidir.

    Bəstəkarın yaradıcığına həsr olunmuş elmi-ifaçılıq konfransında ilk öncə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə gələn qonaqları salamlayaraq Elnarə Dadaşova haqqında öz xoş ürək sözlərini dilə gətirdi. Konfrans zamanı bəstəkarın həyat və yaradıcılığını əks etdirən müxtəlif məruzələr səsləndirildi. Məruzələr sırasında – “Elnarə Dadaşovanın əsərlərinin parlaq obraz rəngarəngliyi”, “Elnarə Dadaşovanın fleyta üçün Muğamsayağı əsərinin bəzi ifaçılıq xüsusiyyətləri”, “Gənc nəslin təlim tərbiyəsində Elnarə Dadaşovanın uşaq mahnılarının tərbiyəedici və estetik rolu”, “Elnarə Dadaşovanın yaradıcılığında Sayalı baletinin rolu”, “Elnarə Dadaşovanın Azərbaycan muğam ladlarında fuqalar silsiləsi haqda bəzi mülahizələr”, “Elnarə Dadaşovanın fortepiano və orqan yaradıcılığı” kimi mövzulara toxunuldu.

    Eləcə də məruzəyə əsaslanaraq bəstəkarın əsərlərindən seçmə parlaq musiqi nümunələri – “Elimə bahar gəlib” piano pyesi (ifa etdi: BMA-nın III kurs tələbəsi Günel Qocayeva), “Sarı gəlin” xalq mahnısı əsasında “Xoral”( ifa etdi: ADMK nəzdində İncəsənət Gimnaziyasının XI sinif şagirdi, II respublika festivalının diplomantı Nüşabə Hacıyeva), fleyta və piano üçün “Muğamsayağı”( ifa etdi: Beynəlxalq və respublika müsabiqələri laureatı Nərgiz Əliyeva-fleyta, Beynəlxalq və respublika müsabiqələri laureatı Firuzə Nəcəfli),”Azərbaycan muğam ladlarında fuqalar”silsiləsinin II dəftərindən 1 saylı “Bayatı-Şiraz” fuqası ( ifa etdi: BMA-nın doktorantı Leyla Aslanova), 1 və 4 saylı prelüd və“Süsən sünbül” xalq mahnısının mövzusu əsasında Variasilayalar ( ifa etdi: ADMK nəzdində İncəsənət Gimnaziyasının XI sinif şagirdi, II respublika festivalının diplomantı Əzizə Ələkbərli) səsləndirildi.

    Səslənən ifalar sırasında səs və fortepiano üçün yazılmış “Lay-lay” müəllifin öz müşayiəti altında (ifa etdi: ADMK-nın doktorantı, amerikalı vokalçı Aleksandriya Sultan fon Brüsseldorf) dinləyicilərə təqdim olundu. Olduqca axımlı, işıqlı mövzusu ilə seçilən “Lay-lay” bəstəkarın həssas müşayiəti ilə qəlblərə yol tapdı. Qeyd edək ki, bəstəkar vokal musiqisinə xüsusi maraq göstərərək, bu sahədə çox sayda mahnı və romanslar yazmışdır. Bəstəkarın mahnı və romanslarında ilk əvvəl təbii intonasiyanın, yaddaqalan melodik obrazın mövcudluğu önəmlidir. Bu da təsadüfi deyil ki, ifaçılar bəstəkarın musiqisinə həvəslə müraciət edirlər.

    Konfrans iştirakçıları – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) IV kurs tələbəsi Sevil Məmmədəliyeva, BMA-nın doktorantı, Beynəlxalq və respublika müsabiqələr laureatı Nərgiz Əliyeva, Suraxanı rayonu şəhid Bunyadəli Qulamoğlu adına 285 saylı tam orta məktəbin musiqi müəllimi Kəmalə Cabbarova, Azərbaycan Dövlət Milli Konservatoriyasının (ADMK) magistri Səbinə Məmmədova, BMA-nın müəllimi İmina Əliyeva, BMA-nın II kurs magistri Ülkər Nəsirova və Fəriqə Məmmədova çıxış etdikləri məruzələrdə bəstəkarın yaradıcılığına dair ən müxtəlif məqamları, eləcə də əsərlərin əhatəli təhlilini işıqlandıraraq bəstəkara xoş arzularını çatdırdılar. Həmçinin bəstəkarın zalda əyləşən tələbələri onun pedaqoji fəaliyyətindən də söz açdılar.

    Qeyd etmək lazımdır ki, E.Dadaşova 1975-ci ildən etibarən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Uzun illərdir ki, “Musiqi nəzəriyyəsi” kafedrasında “Solfecio”, “Polifoniya”, “Harmoniya”, “Partitura qiraəti”, “Musiqi metodologiyası” və s. fənnlərindən dərs deyir. Elnarə xanımın Nəzəriyyə kafedrası üzrə onlarla məzunun diplom işlərinə rəhbərlik edib. Bəstəkarlıq kafedrası üzrə də məzunu var. Bu, uşaqlıqdan iki gözünün görmə qabiliyyətini itirən İlqar Əhmədovdur.

    Bəstəkar pedaqoji fəaliyyətinə rəğmən “Polifoniya üzrə qısa mühazirələr kursu”nun(1991,1998-ci il, 2 kitab), “Azərbaycan məqamları əsasında melodik modulyasiyaların solfecio fənnində işlənməsinə aid” metodik tövsiyələrin, ali musiqi məktəbləri üçün “Polifoniya” üzrə proqramın, “Azərbaycan xalq rəqs melodiyaları əsasında lad modulyasiyaların Solfecio fənnində oxunması və təyin olunması” (2011), “Azərbaycan xalq rəqs melodiyaları əsasında lad yönəlmələrinin Solfecio fənnində oxunması və təyin olunması” (2010) və çox proqram və bir sıra metodik tövsiyələrin də müəllifidir. Polifoniya fənninin tədrisi üçün nəzərdə tutulmuş “Azərbaycan xalq oyun havalarında melodik yönəlmə və modulyasiya məsələləri” (Bakı-2016) kitabı da bəstəkara müdafiədən sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini gətirmiş dissertasiyası əsasında ərsəyə gəlmiş dərs vəsaitidir ki-o, parlaq və saf elmi dəyərə malikdir.

    Bəstəkarlıq fəaliyyəti ilə yanaşı Elnarə xanım pedaqoji, fəal elmi-metodik və tədqiqat işi ilə məşğul olub, müxtəlif araşdırmalar aparır. Onun “Qobustan”, “Musiqi dunyası” jurnallarında məqalələri dərc olunmuşdur. Bir tədqiqatçı kimi onu milli musiqi ilə bağlı problemlər maraqlandırır: “Azərbaycan xalq rəqs musiqisi növləri” “Azərbaycan xalq mahnı növlərin haqqında”,“Ana folklorumuz və uşaqlar”, “Azərbaycan xalq rəqslərinin not yazıları haqqında”, “Azərbaycan ladlarının formalaşmasına dair bəzi mülahizələr”, “Azərbaycan xalq rəqslərinin not yazıları haqqında”, “Некоторые особенности мелодических отклонений азербайджанских народнов танцeв” (“Harmony” elektron jurnalı, 28.06.2007) və s. məqalələrin müəllifidir. Elnarə Dadaşova 2008-ci ildə “Azərbaycan xalq oyun havalarında melodik yönəlmə və modulyasiya məsələləri” mövzusunda dissertasiya müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcə almışdır.
    Göründüyü kimi çoxşaxəli yaradıcılığa malik olan bəstəkar, bir musiqiçi kimi sadəcə bəstəkarlıq sahəsinə deyil, musiqişünaslıq sahəsinə də öz dəyərli töhfələrini vermişdir. Sənətin bütün sirrlərinə öz müəllimindən bəhrələnən bəstəkar, pedaqoji fəaliyyətində də bunu gələcək nəsillərə ötürməyə çalışır. Səsləndirilən fikirlərdə vurğulandığı kimi Elnarə Dadaşova həm istedadlı bəstəkar, həm gözəl pedaqoq həm də yüksək insani keyfiyyətlərə malik olan alicənab bir xanımdır. Təsadüfi deyildir ki, onun nurlu daxili dünyası bilavasitə öz yaradıcılığında da parlaq əks olunur.

    Konfransın sonunda öz çıxışı ilə hər kəsə minnətdarlığını bildirən bəstəkarın bir fikriilə məqaləni bitirmək istərdim:

    - Bəstəkara nə lazımdır? Sadəcə diqqət...
    Arzu edirik ki, hər zaman diqqət mərkəzində olasınız Elnarə xanım...

    Musiqişünas Lalə Namiqqızı