• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 noyabr 2017-ci il

    “Gənclərə Dəstək “ layihəsinin növbəti konserti. Artıq bir neçə ildir ki, “Gənclərə Dəstək” layihəsi çərçivəsində maraqlı, təqdirəlayiq, xoş təəssüratlarla yadda qalan konsertlər təşkil olunur.

    Növbəti konsert proqramı 17 Noyabr 2017-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında təşkil olunub. Qeyd edək ki, “Gənclərə Dəstək” adlı layihənin yeni sezon açılışı 16 Oktyabr 2017-ci il tarixində baş tutub. Gənc, istedadlı musiqiçilərin iştirakı ilə keçirilən layihədə hər zaman ifaçılar müxtəlif səpkili Azərbaycan, rus və xarici bəstəkarların əsərlərinə müraciət edərək öz məharətlərini nümayiş etdirirlər. Konsertin proqramı hər dəfə daha da rəngarəng və maraqlı musiqi nümunələri ilə əhatə olunur.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Asəf Zeynallı adına Musiqi Kollecinin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən növbəti konsertdə solo, ansambl və xor musiqi nömrələri səsləndirilib.

    Belə ki, konsert proqramında Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Xalq artisti, professor Zəhra Quliyeva, Əməkdar artist Töfhə Babayeva və digər pedaqoqların tələbələri öz ifaları ilə yüksək ustalıq səviyyələrini nümayiş etdiriblər.

    Musiqili gecədə Respublika və Beynəlxalq müsabiqələr laureatları Səid Bağırzadə (klarnet) , Nigar Cəlilova (vokal) , Mətanət Nurullayeva (piano) , Çinarə Əzimova (violin) , Asif Quliyev (klarnet) , Fatimə Əliyeva (piano) , Orxan Cəlilov (vokal) , Əsmər Süleymanova (piano) , Osman Mustafazadə (violin) , Orxan Hüseynov (cello) , Şəms Ağazadə (violin) , Fidan Muxtarova (piano) , Leyla Zeynalova (piano) rəngarəng musiqi nömrələrinə müraciət edərək Azərbaycan, rus və qərbi-avropa bəstəkarlarının (Tofiq Quliyev “Cəmilənin albomu”ndan- Rəqs, Nağıl, Marş, Pablo Sarasate “Qaraçı nəğmələri”, Musa Mirzəyev “Adajio və vals-skertso”, Aleksandr Skryabin “Etüd re-diez minor op, 8 №12”, Kamil Sen-Sans “Dance Macabre”, Albert Lavinyak “Marş- Qalop”, G.Hendel “Passakalya”, Klod Debüssi “Berqaman süitasından” Prelüd, Konsuela Velaskez “Besame muço”, Müslüm Maqomayev “Odlar yurdu” və s.) əsərlərini yüksək səviyyədə ifa ediblər.
    Konsertin sonunda Azərbaycan Milli Konservatoriyasının xorunun (xormeyster : Təranə Yusifova) ifasında Üzeyir Hacıbəyli “Arazbarı“ və Müslüm Maqomayev “Odlar yurdu“ əsərlərinin səslənməsi dinləyicilər tərəfindən davamlı alqışlanıb.

    “Gənclərə Dəstək” layihəsinin növbəti konserti də olduqca yüksək səviyyədə keçib. Tələbələrin yüksək hazırlıq səviyyəsi və təqdim edilən repertuar auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.