21 sentyabr 2017-ci il
Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı
Bakı Musiqi Akademiyasının “Lumineux” ansamblı
Sentyabrın 21-i Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan növbəti tədbirdə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Lumineux” ansamblı Kamera və Orqan Musiqisi zalında konsert proqramı ilə çıxış edib.
Qeyd edək ki, kollektivin tərkibi BMA-nın xor dirijorluğu kafedrasının tələbələrindən ibarətdir. BMA-nın xor dirijorluq kafedrasının baş müəllimi Naala Barateliyanın bədii rəhbərliyi ilə ərsəyə gələn konsertin xor ansamblı Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət rəngarəng musiqi proqramı ilə dinləyiciləri valeh edib.
Konsertdə A.Vivaldi, D.Kehoe, J.Rutter, A.Makor, İ.S.Bax, T.Tallis və s. kimi xarici bəstəkarların əsərləri ilə yanaşı Azərbaycan bəstəkarları – F.Əmirov, A.Dadaşov, V.Mustafazadənin əsərləri də səslənib. Bununla yanaşı xüsusi olaraq ansambl üçün işlənmiş həm xarici həm də Azərbaycan xalq mahnıları dinləyicilərin marağına səbəb olub.