• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr 2017-ci il

    Musiqi günü.

    Bu il də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ənənəsinə sadiq qalaraq dahi bəstəkar Üzeyir bəyin doğum gününü təntənəli surətdə qeyd etdi.

    Xalqımız üçün “Musiqi günü” adını almış 18 sentyabr tarixi hər bir musiqisevərin bayramıdır. İl ildən bu bayrama olan maraq artmaqda və ətrafına daha böyük kütlə toplayaraq dünyaya səs salmaqdadır.


    Bu gün də “Milli Musiqi Günü” bir çox yerlərlə yanaşı BMA-nın qarşısında da əzəmətlə keçirildi. Belə ki, tədbirdə cənab nazir Ə.Qarayev olmaqla, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, görkəmli bəstəkar A.Məlikov, xalq artisti, BMA-nın rektoru F.Bədəlbəyli, xalq artisti, Bəstəkarlar İttifaqının sədri F.Əlizadə, xalq artisti, Milli Konservatoriyanın rektoru S. Kərimi və b. tanınan simalar iştirak edirdi.


    Tədbiri xalq artisti, general Y.Axundzadənin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestri bəstəkar E.Sabitoğlunun “Siravi Əhməd” marşı ilə açdı. Çıxış edən Mədəniyyət və Turizm naziri, cənab Ə.Qarayev dahi Üzeyir bəyin milli mədəniyyətimizə bəxş etdiyi əvəzsiz fəaliyyətindən və bu günün tarixi əhəmiyyətindən danışaraq yeni nəsil musiqiçilərə yaradıcılıq uğurları arzuladı. Davamında çıxış edən xalq artisti, Bəstəkarlar İttifaqının sədri F.Əlizadə Ü.Hacıbəyli adı ilə bağlı olan festivalın artıq başladığını qeyd etdi. Görkəmli şəxsiyyətinin əsərlərinin dünya səhnələrində qazandığı yeni nəaliyyətlərini dinləyicilərə çatdırdı.


    Xalq artisti, BMA-nın rektoru F.Bədəlbəyli XX əsrdən bu yana artmaqda olan musiqiçi ordusunun yaradıcılığını musiqimizin banisi Ü.Hacıbəylinin açdığı yola borclu olduğunu bildirdi. Azərbaycan musiqisinin Ü.Hacıbəyli adı ilə dünyanı dolaşaraq milli mədəniyyətimizin inkişafında böyük rolu olduğunu xüsusilə qeyd etdi. Xalq artisti, Milli Konservatoriyanın rektoru S.Kərimi də öz növbəsində Ü.Hacıbəylinin xalqımıza bəxş etdiyi böyük musiqi xəzinəsindən və mirasından söz açdı. Paralel keçirilən bayram tədbirləri haqqında məlumat verdi.


    Ardından rəngarəng musiqi proqramı xalq artisti, dirijor G.İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və xalq artisti, general Y.Axundzadənin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestri qonaqlara dəyərli anlar yaşatdı.


    Ümidvarıq ki, bu “Milli Musiqi Günü” yeni nəsillər tərəfindən yaşadılacaq və xalqımız 18 sentyabrda doğulmuş iki nəhəng dahi bəstəkarı Ü.Hacıbəyli və M.Maqomayevi bu gün olduğu kimi daima xatırlayacaq.