• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 aprel 2017-ci il

    Ü.Hacıbəyli adına BMA-nın Böyük zalında Estetik Tərbiyyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin və BMA-nın birgə təşkilatçılığı ilə görkəmli bəstəkar,

    Azərbaycanın xalq artisti, professor Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir  Konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, xalq artisti Ağacəbrayıl Abbasəliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova, Estetik Tərbiyyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin direktoru Kəmalə Cəfərzadə, Mərkəzin əməkdaşları  və digər musiqi xadimləri iştirak edib.

    Konsert proqramında sevimli bəstəkarımızın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Bakı Musiqi Akademiyasının tələbələrinin, İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət canlı musiqi (vokal, estrada, caz, orkestr, muğam, kinofilmlərdən musiqi) və rəqs nömrələri təqdim edilib.  Akademiyanın foyesində gorkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş maraqlı sərgi təşkil edilib, həmçinin, Mərkəzin Təsviri Sənət Qalereyasında dərnək üzvlərinin  rəsm əsərləri nümayiş olunub.