• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 dekabr 2018-ci il

    25 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “İstiqlal” ordenli, professor Fərhad Bədəlbəylinin doğum günü münasibətilə professor-müəllim və tələbə heyətinin iştirakı ilə konsert proqramı təşkil edilib.

    Səhnəyə ilk öncə Xalq artisti, professor Zəhra Quliyeva gələrək tədbirin açılışı üçün öz sözlə çıxış edib. İllərini Azərbaycan musiqisinə həsr etmiş görkəmli pianoçunun ünvanına xoş arzularını dilə gətirən Zəhra Quliyeva daha sonra bütün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim, tələbə heyətinin və bütün musiqisevərlər adından BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylini təbrik edib. Bunun ardınca bir-birindən rəngarəng musiqi parçalarının ifası üçün hazırlanmış konsert proqramı bütün dinləyicilərə təqdim edilib. Belə ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblının ifasında (Bədii rəhbər və dirijor: BMA-nın baş müəllimi Naala Baratelia, Solist: Leyla Quliyeva) “Happy day” musiqi parçası səslənib. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə (Baş Dirijor: əməkdar artisti Fuad İbrahimov) Xalq artisti, professor Yeganə Axundova- L. Anderson “Çap maşını”, Emil Bağırov “Shalom Aleichem”, Seymur Həsənov- Azərbaycan xalq rəqsi “Uzundərə”, A.Piatsolo “Oblivion” əsərləri ifa olunub. Növbəti səslənən musiqi parçaları isə Sevda Məmmədli- Telman Hacıyev “Abşeron” və Glarte kvartetinin ifasında (nəfəs alətləri kvarteti)- İ.Volante “American Filing” əsərləri idi.
    Daha sonra isə “Fortepiano fakültəsinin” dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Nəzakət Rimazi, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, BMA-nın elmi katibi, sənətşünaslıq namizədi, professor Leyla Məmmədova-Fərəcova səhnəyə gələrək ilk öncə öz ürək sözlərini cənab rektora çatdıraraq “Köhnə Qabelen” musiqi parçasını birgə ifa ediblər.
    Musiqi nömrələri ilə yanaşı Xalq artisti, professor Fərhad Bədəlbəyliyə həsr olunmuş “Qiybətçilər” səhnəciyi təqdim edilib. Öz peşəkar ifaları ilə daima seçilən Xalq artisti, professor Gülnaz İsmayılova, Əməkdar artistlər: Sabinə Əsədova, Fəridə Məmmədova, Respublika və Beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə “Qiybətçilər” səhnəciyini ifa edərək bütün dinləyicilər tərəfindən heyrət hissi ilə qarşılanıblar.
    Maraqlı anlardan biri isə tədbirin sonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında “Happy Birthday” musiqi parçasının müxtəlif qərb bəstəkarlarının üslubunda səslənməsi olub. Böyük maraq doğuran konsertin sonunda bütün auditoriyanın birgə ifası və alqışı ilə tədbir gur alqışlar ilə sona çatıb.
    Bizdə öz növbəmizdə sizi bu əlamətdar gün münasibətilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim və sizi sevən tələbələrin adından təbrik edirik. Sizə bu şərəfli yaradıcılıq yolunda uğurlar arzu edir və can sağlığı diləyirik!

     

    BMA-nın Mətbuat xidmətinin əməkdaşı
    Əhmədova Minacat