• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2018-ci il

    Fərhad Bədəlbəyli məktəb-studiya şagirdlərini təltif etdi

    Bakı Musiqi Akademiyasında məktəb-studiyası Uşaq musiqi teatrının “Вuratinonun macəraları” adlı tamaşasının premyerası baş tutdu

    Ənənə nəsildən-nəslə ötürülən və davam edən bir məfhum...
    Hər Yeni ili premyera ilə qarşılamaq BMA-nın məktəb studiyasının Uşaq musiqi teatrında çoxdan bir ənənəyə çevrilmişdir. Bir nəsil gənc aktyorlar yenisi ilə əvəz olunur, demək olar ki, 40 il əvvəl onun bədii rəhbəri professor Tərlan Seyidov tərəfindən düşünülüb yaradılan Uşaq Musiqi Teatrı isə öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.
    22 dekabr şənbə günü Opera studiyasının tamaşaçılarla tam dolu olan zalı bunun bariz sübutu oldu. Bu məkanda Yeni il qabağı ənənəyə əsasən yeni tamaşanın premyerası baş tutdu. Uşaq musiqi teatrının repertuarında keçən illər ərzində bir çox rəngarəng premyeralar toplanmışdır. Bu, həm məşhur “Bremen musiqiçiləri”, həm ciddi mini-opera adlandırıla biləcək “İsgəndər və çoban”, həm tarixi-musiqili bir səyahət olan “Mən səni sevirəm, Xəzər!”, həm də ən müasir musiqili revyu – “Ulduzlar enəndə” tamaşalarıdır. Və budur, yenə də premyera!...
    Bu dəfə teatr kollektivi klassikaya, Aleksey Tolstoyun ölməz və sevimli “Buratino”suna və bəstəkar Aleksey Rıbnikovun gözəl musiqisinə müraciət etmişlər. Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edir və oxuyur, onlar həm də söz və jestləri bacarıqla mənimsəyərək monoloqları məharətlə, aktyorcasına ifa edirdilər.
    Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edirdi. Onlar tamamilə, həm uşaq, həm də böyük, bütün rolları özləri ifa edirdilər. Qızlar Papa Karloya (Zeynəb Eynullayeva), Pyeroya (Anjelika Şitterer) və elə Buratinonun (Alina Osmolskaya) özünə çevrilirlər. Bu məktəblilər qocaları və müxtəlif heyvancıqları təsvir edirdilər: tısbağa Tortilla (Darya Əhmədova) və qurbağalar, ağıllı pudel Artemon (Şahin Mirqasım), gözəl rəqs edən pişik Bazilio (Əlixan Mirzəzadə) və öz mələk səsi ilə valeh edən tülkü Alisanı (Leyla Şıxnəbiyeva). Hələ Arlekinin (Yusif Yaqubov) səhnədəki akrobatik saltoları...! Mavi saçlı Malvina (Amina Eyvazova) necə də heyranedici...! Nəhayət, o qorxunc görkəmli Karabas-Barabas (Ziya Hüseynov) öz dostu Duremar (Ələkbər Kərimli) və zəliləri ilə səhnəni ələ alaraq məharətlərini nümayiş etdirdilər! Aparıcılar isə – bu üç lütfkar (Ayşə Mirzəzadə, Xanım Rüstəmova, Banu Dəvəli) səhnədə quştək yüngül və plastk hərəkətlərlə, sanki qanad çalırdılar...!
    Əlbəttə ki, Alina Osmolskayanın ifasında Buratino hər kəsi valeh etdi. Artistik, qıvraq, çevik, gülməli və təsirli Buratino zaldakı tamaşaçıları özünə biganə qoya bilməzdi.
    Tamaşa kifayət qədər ciddi musiqi materialını sərgiləyir. Təmiz və sinxron oxumaq azdır, əsasən hər qəhramanın obrazını yaratmağı bacarmaq, personajın daxili aləmini, xarakterini əks etdirən səsin spesifikasını ifadə etmək lazım idi və uşaqların hamısı da qarşıya qoyulan vəzifənin öhdəsindən yaxşıca gəldilər. Bu sahədə məktəb-studiyada yaranan və uğurla fəaliyyət göstərən unikal opera hazırlığı sinfinin böyük rolu vardır.
    Sözsüz ki, bu gənc aktyorların hamısının musiqili və çox bacarıqlı olmaları, gözəl oxumaqları, rəqs etmələri və özlərini istedadlı dramatik aktyorlar kimi göstərməklə parlaq, maraqlı tamaşa yaratmaqları bütün pedaqoji kollektivin böyük əməyinin nəticəsidir – ilk öncə, məktəb-studiyanın direktoru və bədii rəhbəri professor Tərlan Seyidov, quruluşçu rejissor Elvin Mirzəyev, musiqi rəhbəri Ofeliya Axundova, rejissor köməkçisi Nigar Həsənova, inzibatçı Renat Əhmədov, uşaqlara gözəl səhnə geyimləri düzəldən kostyum üzrə rəssam Olqa Selivanova, dekorçu rəssam Herman Osmolski və digərlərinin. Qədim İtaliya ab-havasını əks etdirərək tamaşanı bəzəyən və tamamlayan, Rejissor Elvin Mirzəyev tərəfindən təqdim olunan və zövqlə seçilmiş videoqrafikanı ayrıca qeyd etmək lazımdır.
    Tamaşanın sonunda minnətdarlıq rəmzi olaraq, BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli adından tamaşanın hər iştirakçısı – məktəb-studiya şagirdləri fəxri diplomlarla təltif olundu.
    Yeni il premyerası həyata keçirildi. Qarşıda yeni planlar, yeni arzular. Gəlin, bu gözəl uşaq kollektivinə böyük yaradıcılıq uğurları və nailiyyətləri diləyək! Əbəs yerə mahnıda da belə oxunmur:


    “Deyirlər, Yeni ilə,
    Nə arzu etsə insan
    O da olar həmişə,
    Arzuya çatar o an”.


    Elmira MUSTAFAYEVA,
    Ü.Hacıbəyli adına BMA-nın məktəb-studiyasının
    baş elmi işçisi