• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 dekabr 2018-ci il

    Xəzər Universitetinin Mərmər zalında “Gözəl yurdum Azərbaycan” devizi altında konsert proqramı təqdim olundu

    2018-ci il 14 dekabr tarixində Bakı şəhəri Xəzər Universitetində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin “Gözəl yurdum Azərbaycan” adlı solo konserti olmuşdur.

    Cümhuriyyətimizin 100, Ümumilli liderimiz Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bu konsertdə vətənpərvərlik mövzusu ön planda tutulmuşdur. Gözəl bir təsadüf idi ki, məhz həmin bu gün görkəmli sənətkar Rəşid Behbudovun da doğum günü idi.

    Universitetin müəllim və tələbə heyətinin böyük anşlaqla qarşıladığı konsert proqramını giriş sözü ilə Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova açmışdır. O, iştirakçılara Azərbaycan musiqi dünyasının zənginliklərindən söhbət etmiş, mahnılarımızın istər ölkə səviyyəsində, istərsə də ölkəmizdən kənarlarda da sevilə-sevilə dinlənildiyindən danişmışdır. Gənc musiqiçilərlə tamaşaçıları tanış etmişdir.

    Konserti aparmaq üçün söz Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının aparıcı elmi işçisi və müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, gənc musiqişünas-alim Aytən İbrahimovaya verilmişdir. Bir çox tədbirlərin təşkilatçısı olan alim bu tədbirin də ərsəyə gəlməsində öz zəhmət və əməyini əsirgəməmişdi.

    O, çıxış sözündə Azərbaycan musiqisi, bəstəkar əsərləri haqqında məlumat verdi və Xəzər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi. Bununla yanaşı konsertin solisti – müğənni Rüfət Piriyevin də geniş yaradıcı fəaliyyətindən söhbət açıldı.

    Belə ki, gənc olmasına baxmayaraq, doktorant səviyyəsinə gəlib çatmış bu müğənninin Azərbaycan ictimaiyyəti qarşısında çıxışlarından, onun Binəqədi, Nizami, Sabunçu, Səbayıl rayonlarında keçirilmiş tədbirlərdə dəfələrlə aktiv fəaliyyətindən, Musiqi Mədəniyyəti Dövlət Muzeyində verdiyi solo konsertindən, mədəniyyət sahəsində gördüyü işlərə görə bir çox “Fəxri fərmanlara” layiq görülməsindən danışmışdır. Aktiv konsert fəaliyyətinə baxmayaraq, pedaqoq kimi də çalışdığını vurğulamışdı.

    Rüfət Piriyevi gözəl pedaqoq və pianoçu-konsertmeyster Qənirə Həsənova müşayiət etmişdir.

    “İlahə” xalq çalğı aılətləri ansamblının bədii rəhbəri, pedaqoq, tarzən Elməddin Rəsulovun özünəməxsus çıxışı konsert proqramına xüsusi rəng qatmışdır. Konsertin maraqlı məqamlarından biri də royalda Aytən İbrahimova, tarzən Elməddin Rəsulov və nağarada Hüseyn Məlikovun müşayiəti ilə trio şəklində səsləndirilən “Azərbaycan” xalq rəqsi oldu. Xalq musiqisinin sədaları tamaşaçıların əhvalını daha yüksəltdi.

    Bəzən lirik, bəzən hərəkətli mahnılarla çıxış edən gənc müğənni Rüfət Piriyev öz ifaları ilə tamaşaçılara xoş dəqiqələr yaşatdı. Tədbir boyu vətənimizi tərənnüm edən maraqlı slayd və videolar nümayiş olunmuşdur. Burada Rəşid Behbudovun ifaları xüsusi marağa səbəb oldu. Proqramda Tofiq Quliyevin, Səid Rüstəmovun məşhur mahnıları səsləndi.

    Konsert proqramı müğənni Rüfət Piriyevin, tarzən Elməddin Rəsulovun ifasında səsləndirilən “Gözəl yurdum Azərbaycan” adlı kompozisiya ilə gürultulu alqış sədaları altında başa çatmışdır. Kompozisiya Ulu öndər Heydər Əliyevin vətənpərvər ruhlu çıxışının videoçarxı ilə başladı. Musiqisi Aytən İbrahimovaya, sözləri Gülər Əlvanqızına məxsus olan bu yeni əsəri royal arxasında bəstəkar şəxsən özü ifa etdi.

    Sonda Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı təbdirin iştirakçılarına öz təşəkkürürnü bildirdi. Tədbir Universitetin nümayəndəsi, gözəl səsə malik olan Məhsəti xanımın və Rüfət Piriyevin maraqlı ekspromt-dueti də tamaşaçılara dəyərli bir töhfə oldu.

    Ümidvarıq ki, bu konsert Xəzər Uniersitetinin müəllim və tələbələrinin yadda qalan xatirələrinə çevriləcək!

    Aytən Manafova
    musiqişünas