• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 may 2018-ci il

    Mayın 18-i Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera Studiyanın Böyük zalında məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Heydər Əliyev" ordeni laureatı (2017) Ömər Eldarovla görüş keçirilmişdir.

    Xatırladaq ki, Ömər Eldarov Azərbaycan mədəniyyətinə misilsiz töhfə vermiş, bir sıra məşhur əsərlərə imza atmış bir sənətkardır. Onun əsərləri sırasında şairə Natəvanın (1960 il, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963 il, Bakı), dramaturq Hüseyn Cavidin (1993 il, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987 il, Naxçıvan), Sapun dağı hücumu iştirakçıları olmuş 72 –ci diviziyanın əsgərləri "Azərbaycanın qorxmaz oğul və qızlarına" həsr olunmuş memorial (1974 il, Sevastopol), Sədrəddin Ayninin (1979 il, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001 il, Ankara), Heydər Əliyevin (2001 il, Qars) heykəlləri, eyni zamanda bəstəkar Üzeyir Hacıbəyovun (1955 il, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974 il, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984 il, Bakı), dirijor Niyazinin (1989 il, Bakı), yazıçı Süleyman Rəhimovun (1991 il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988 il, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000 il, Bakı), akademik Həsən Əliyevin (1988 il, Bakı) xatirə abidələri "Elegiya" abidəsi (1989 il), akademik Zərifə Əliyevanın (1995 il , Bakı) və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004 il, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir.

    Ömər Eldarovun yaradıcılığına həsr olunmuş tədbirdə ilk öncə SSRİ və AR xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli gələn qonaqları salamlamışdır. O, xalq rəssamı Ömər Eldarov haqqında dəyərli fikirlərini dilə gətirərək sənətkarla canlı görüş keçirilməsindən məmnunluq hissini dilə gətirmişdir. Daha sonra video-çarx vasitəsilə Ömər Eldarovun 90 illik yubleyinə həsr olunmuş “Hələ axşam olmayıb” sənədli filmi nümayiş olunmuşdur. Qeyd edək ki, sənədli filmin ərsəyə gəlməsində əməyi keçmiş yaradıcı heyət (ssenari müəllifi və rejissoru – Nicat Qurbanov, operatorlar – Habil Muğanlı, Rafiq Əliyev, bədii rəhbər – Tahir Tahiroviç, produser İqbal Məmmədəliyev, layihə rəhbəri – Namiq Hüseynov) səhnəyə dəvət olunaraq öz ürək sözlərini və təşəkkürlərini bildirdilər.

    Ardınca BMA-nın tələbələrinin yubliyar üçün hazırladıqları hədiyyə konserti təqdim olunmuşdur. Konsert repertuarında Edvard Elgar - Salut de Amour (İfa etdi: III kurs tələbəsi İbrahimova Aytən, Konsertmeyster: Mədinə Ağayeva), Həsən Rzayev – Çahargah (İfa etdi: I kurs tələbəsi Bağırzadə Səid, Konsertmeyster – Aslan), Müslüm Maqomayev – Odlar Yurdu (İfa etdi: I kurs tələbəsi Xosrovzadə Rza, Konsertmeyster – Rəna Ağayeva), Cakomo Puççini- “Canni Skikki” operasından Laurettanın ariyası (İfa etdi: III kurs tələbəsi Cəfərova Nigar) əsərləri səsləndirilmişdir.

    Sonda, dinləyicilərlə görüşmək üçün səhnəyə dəvət olunan xalq rəssamı Ömər Eldarov öz səmimi və qürurlu hisslərini, təəssüratlarını, həmçinin dəyərli fikirlərini zalda əyləşən auditoriya ilə bölüşdü. Sənətkarın zəngin yaradıcılıq portreti gurultulu alqışlarla müşayiət olundu.