• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 aprel  2018-ci il

    Aprel ayının 6-sı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında İfaçılıq fakültəsi tələbələrin iştirakı ilə Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilmişdir.

    Konserti giriş sözü ilə “Tarix-nəzəriyyəsi” fakültəsinin III-kurs tələbəsi Seyidova Günel və Qəhrəmanova Aygün çıxış edərək qeyd etdilər ki, “Qara Qarayev böyük bəstəkar olmaqla yanaşı həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə malik alim-mütəfəkkir idi. Onun elmi-publisistik irsi, yazdığı məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri və burada toxunduğu incəsənətin bir sıra vacib problemləri - xəlqilik, millilik, ənənə və novatorluq və s. haqqında fikirləri məhz onun mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində şərəfli yer tutmasınınbariz nümunəsidir”.

    Xatırlatmaq istərdik ki, görkəmli Azərbaycan bəstəkarı Q.Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın bəstəkarlıq sinfini bitirib. O, hələ bundan xeyli əvvəl Azərbaycan xalqının musiqi yaradıcılığına dərindən yiyələnmişdi. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.

    O, Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.

    Qara Qarayev 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının direktoru təyin olunub, 1952–ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçılıb. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub, 1959–cu ildə SSRİ xalq artisti adını alıb və Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. 1978-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.

    Bəstəkarın bir çox əsərləri bu gün də tələbələr tərəfindən sevə-sevə ifa olunaraq konsert proqramlarına daxil olunur. Belə ki, Bakı Musiqi Akademiyasında keçirilən tədbirdə bəstəkarın – “Don Kixot” Simfonik qravürlərindən “Pavana” (ifa edirdi: Məmmədova Nigar), “Yeddi gözəl” baletindən “Vals”( ifa edirdilər: III kurs tələbəsi Manaflı Atabala, Həsənli Fəqan), “Yeddi gözəl” baletindən Adajio (ifa edirdi: III kurs tələbəsi İbrahimova Aytən; konsertmeyster Qurbanova Nurana), Sonatina (ifa edirdi: magistratura şöbəsinin I kurs tələbəsi Əlizadə Fuad), “На холмах Грузии», «Я вас Любил» Romansları (ifa edirdi: magistratura şöbəsinin I kurs tələbəsi Cəfərzadə Fatimə; konsertmeyster Ağayeva Rəna), 2 prelüd (ifa edirdi: magistratura şöbəsinin II kurs tələbəsi Şıxıyev Tofiq ), Violino üçün Sonata I hissə (ifa edirdilər: magistratura şöbəsinin I kurs tələbəsi Aslanlı Nəzrin, III kurs tələbəsi Manaflı Atabala), “Царскосельская статуя» (ifa edirdi: II kurs tələbəsi Ələkbərzadə Eldəniz), Kvartet –II-III hissələr (İfa edirdilər: II kurs tələbələri Kərimli Qəmər, Rzayev Bahadur, Əmişov Əli, Hüseynov Orxan), “İldırımlı yollarla” baletindən “Laylay” və “Rəqs”( ifa edirdi: Violinoçular ansamblı; konsertmeyster Muradova Səbinə, Ansamblın rəhbəri professor Zəhra Quliyeva) əsərləri ifa edilib.

    Konsertin sonunda “Tarix-nəzəriyyə” fakültəsinin III kurs tələbəsi Qəhrəmanova Aygün öz ürək sözlərini tamaşaçılara çatdırdı: “İllər, on illər keçəcək, hər yeni nəsl Q.Qarayevin ölməz musiqisində fəlsəfi məzmunun dərinliyini və milli çalarların gözəlliyini dərk edəcəkdir. Biz də öz növbəmizdə bu vəzifəni layiqincə yerinə yetirərək, mədəni irsimizi qoruyub gələcək nəsillərə ötürməkdə əlimizdən gələni əsirgəməyəcəyik!”

    Konsert maraqla qarşılanıb və ifaçıların məharəti gur alqışlarla müşayiət olunub.