• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 mart  2018-ci il

    Bakı Musiqi Akademiyasında Vaqif Mustafazadəyə həsr olunmuş tədbir keçirlib

    16 mart 1940-cı il məşhur pianoçu və bəstəkarı, jazz muğamın banisi, Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin doğum günüdür. Bu səbəblə 16 mart 2018-ci il tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Vaqif Mustafazadənin xatirə gecəsi və ilk dəfə olaraq əsərlər toplusunun təqdimatı baş tutmuşdur.

    Topluda təxminən 1990-cı illərin əvvəllərindən 2000-ci illərin ortalarına qədər nota salınan caz kompozisiyaları ehtiva edilir. Sözü gedən toplu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin, habelə Vaqif Mustafazadənin ev-muzeyinin müdiri Afaq xanımın himayəçiliyi və Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, dosent Pərviz Quliyev tərəfindən nota salınması ilə ərsəyə gəlmişdir. Bəstəkara həsr olunmuş gecədə ön söz cazmenin ev-muzeyinin direktoru Afaq Əliyevaya, ardınca Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoruTuran Məmmədəliyevaya verildi. Çıxış zamanı bəstəkarın istedadı, fərdiliyi, təkrarolunmazlığından söz açılmış, ilk dəfə olaraq cazmenin improvizələrinin nota alınması və əsərlər toplusunun ərsəyə gəlməsindən geniş söhbət açılmışdır.

    Gecədə Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, Əməkdar artist Emil Əfrasiyab, Bakı Musiqi Akademiyası “Sabah” qrupunun IV kurs tələbələri Cavid Əzizov, Vüsal Aydəmirov, Vüsalə Babayeva, II kurs tələbələri Suada Hacızadə və Fidan Mirheydərzadənin ifasında Vaqif Mustafazadənin ən kamil improvizələri ifa olunmuşdur. Eyni zamanda konsertdə ilk dəfə bəstəkara həsr olunmuş “Vaqifə ithaf”, “V.Mustafazadəyə ithaf” əsərləri müəlliflər-Bakı Musiqi Akademiyasının pianoçuları Sevda Məmmədli və Gülsüm Eldarova tərəfindən ifa edilmişdir.

    Konsertdə səslənən əsərlər dinləciyilər tərəfindən maraqla qarşılanmış, konsert gurultulu alqışlarla sona çatmışdır.

    Vaqif Mustafazadənin yaradıcılığı Azərbaycanda caz sənətinin inkişafında bütöv bir mərhələni təşkil edir. Onun yaradıcılığı özündə milli və dünya musiqisi ənənələrini üzvi surətdə qovuşduran olduqca maraqlı bir sənət nümunəsidir. Bu görkəmli musiqiçini tanımaq və xatırlamaq hər birimizin borcu, onun həyat və yaradıcılığı isə bizim hər birimiz üçün nümunə olmalıdır.

    Bakı Musiqi Akademiyasının
    III kurs tələbəsi, Musiqişünas
    AYGÜN QƏHRƏMANOVA