• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 fevral 2018-ci il

    Bakı Musiqi Akademiyası məktəb-studiyasının şagirdlərinin və təcrübəçi-tələbələrinin hesabat konserti

    “Bədəni bəsləmək üçün ana südünü təbiət yaradırsa, ruhumuz üçün bunu müəllimlərimiz edir” – deyə fikrimi alman filosofu G.Lixtenberqin müəllimə olan dəyəri izah edən, məhz bu kəlamı ilə açmaq istərdim.

    Təəssüratlarımı qələmə almağa başlayarkən, söhbəti gedəcək mövzu illər öncə professor Tərlan müəllim Seyidovun sinif konsertinə yazdığım “Ustad və davamçıları” adlı məqaləmi xatırlatdı... Yadımdadır… Eynilə bu günki kimi müsbət təəssüratlar… Əlbəttə, duyğular əbəs deyil. Axı, nailiyyət qazananlar, inkişafa doğru addımlayanlar bizim də şagirdlərimiz, çalışdığımız məktəbin nümayəndələridir. Professor Tərlan Mir Əşrəf oğlu Seyidovun yaradıcısı və rəhbəri olduğu Orta ixtisas musiqi Məktəb-studiyası müxtəlif festival, konfrans və müsabiqələr keçirilməsi, tədris prosesi üçün əhəmiyyətli olan təlim-tədris planları, proqlamları, elmi işlər, dərsliklərin hazırlanması və s. kimi işlərə imza atmış, eləcə də digər musiqi məktəblərini də bu ənənəyə cəlb etmiş bir təhsil ocağıdır.

    Məhz bu təhsil ocağının növbəti uğurlu tədbirlərindən biri də 23 fevral 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında keçirilən bütün siniflər və müxtəlif ixtisaslar üzrə şagirdlərimizin hesabat konserti oldu.

    Sadəcə “hesabat konserti” adı daşıyan bu gecə, əslində şagirdlər üçün olduqca məsuliyyətli və həyəcanlı bir gün idi. Tərlan müəllim Seyidov, onun müavini Sevda xanım Məmmədova, BMA-nın və məktəb-studiyanın təcrübəli müəllimləri, tələbə, şagird, müəllim heyəti və valideynlərin iştirak etdiyi bu tədbir öz maraqlı məzmunu ilə onu hesabat tərzindən uzaqlaşdıraraq, gözəl konsert proqramına çevirdi.

    Hər bir iştirakçı – ifaçı-şagird göstərdiyi əsərin bədii və texniki əhəmiyyətini dərk edərək ürəyəyatan çıxış sərgilədi. Konsertin proqramı Məktəb-studiya şagirdlərinin violin, çello, fortepiano, saksofon, fleyta, vokal, konsertmeyster və ansambl sinifləri üzrə çıxışlarına əsaslanmışdır. Kiçik yaşlı şagirdlərdən tutmuş, məktəbimizin yuxarı sinif şagirdlərinə kimi bütün iştirakçılar maraqlı ifaları ilə dinləyicini xüsusi əhvala köklədilər.

    Kiçik yaşlılar arasında violin üzrə Elçin Abdullayevin şagirdi Yusif Məmmədli (I sinif) öz bacısı, eyni zamanda məktəb-studiyanın 10-cu sinif şagirdi Səriyyə Məmmədovanın müşayiəti ilə O.Rindinqin konsertini və Respublikamızın əməkdar müəllimi Ayşə Əliyevanın fortepiano sinfində təhsil alan 2-ci sinif şagirdi Davud Ağalar Berkoviçin konsertini (C-dur) ifa edərək, o kiçik barmaqları ilə musiqi obrazlarını məharətlə canlandırdılar.

    Müəllim Nilufər Salamzadənin violin sinfi üzrə şagirdlərindən Elmir Hüseynov (IVsinif) P.Çaykovskinin “Neopolitan mahnısı” və 9-cu sinif şagirdi Emil Hüseynov isə italyan bəstəkarı Veraçininin “Largo” əsərləri ilə (konsertmeyster: məktəb-studiyanın təcrübəçi-tələbəsi Mehriban Adıgözəlova) çıxış etdilər.

    Fikrət Əmirovun texniki cəhətdən bir qədər mürəkkəb olan “Məhəbbət rəqsi”ni (konsertmeyster: təcrübəçi-tələbə Mədinə Ağayeva) ifa edən 7-ci sinif şagirdi Xədicə Mehtiyeva violin üzrə dosent Gülnarə Quliyevanın sinfinin yetirməsidir.

    Yuxarı sinif şagirdlərindən çello üzrə Kamal Paşazadənin sinfində dərs alan 9-cu sinif şagirdi Mark Zençenko S.Raxmaninovun “Şərq rəqsləri”ni təcrübəçi-tələbə Fidan Fərəcovanın müşayiətilə kifayət qədər hissiyyatla ifa etdi.

    Füsunkar ifalardan biri, hələ 7-ci sinifdə təhsil almağına baxmayaraq, gələcəyinə çox böyük ümidlər vəd edən Leyla Baxışovanın çıxışı oldu. Müəllim Ofeliya Axundovanın vokal sinfində oxuyan bu qızcığazın olduqca gur, lirik, məlahətli, özünəməxsus səs tembrinin ifasında M.Qlinkanın “Я здесь, Инезилья” (“Mən burdayam, İneziyla”) romansını dinlədik.

    Nəfəs alətləri şöbəsində təhsil alan şagirdlərimiz də müxtəlif alətlər üzrə: saksofon – dosent Rafiq Əhmədovun şagirdi Ləman Qasımova (II sinif) D.Şostakoviç “Romans” və S.Raxmaninov “Polka”, klarnet – dosent Fikrət Məmmədovun şagirdi Samuil Səlimov (III sinif) F.Mendelson “Yaz mahnısı” ilə, fleyta - müəllim Elman Mustafayevin 6-cı sinif şagirdi Fatimə Zamanova Q.Qarayevin “İldırımlı yollarla” baletindən bir parça və 10-cu sinif şagirdi Rəşad Abdullayev F.Devyen “Rondo” ilə uğurlu çıxış etdilər (konsertmeysterlər: müəllim Fəqan Həsənli, təcrübəçi–tələbələr Adilə Nuruzadə, Fidan Fərmanova, Nuray Rzayeva).
    Müəllim Nuranə Zeynalovanın ansambl və konsertmeyster sinfi üzrə yetişdirdiyi şagirdlərin də maraqlı çıxışları oldu. Bunlardan biri, 9-cu sinif şagirdi Ayan Həsənovanın öz müəllimi Nuranə Zeynalova ilə A.Morozovun “Tanqo”sunun coşğun və ehtiraslı ifası, digəri Tasurə Hüseynova (8-ci sinif) və Zeynəb Qarayevanın (9-cu sinif) İ.Daşkeviç “Müqəddimə”, A.Məlikov “Məhəbbət əfsanəsi” baletindən Komdenin arzuları ilə ansambl çıxışları oldu. Konsertmeyster sinfi üzrə isə 10-cu sinif şagirdi Rəbiyə Gözəlova fortepianoda vokalçı-tələbə Fərid Tahirliyə müşayiət edərək “Очи черные” (“Qara gözlər”) mahnısını emosional tərzdə ifa etdilər.
    Konsertdə Məktəb-studiyanın təcrübəli müəllimlərindən olan Nərgiz Mansurovanın sinif şagirdləri də gözəl ifa nümayiş etdirdilər. Bu uşaqlar arasında məktəbimizin konsert proqramında ilk dəfə və olduqca inamlı iştirak edən 4-cü sinif şagirdimiz Daniil Tyurin V.Motsartın C-dur sonatasının I hissəsini və F.Şubertin Es-dur Ekspromtunu səsləndirdi. Diqqəti cəlb edən kiçik yaşlı şagirdin musiqini məzmun, forma, obraz cəhətdən bu dərəcədə duyması və göstərə bilməsi idi. Texniki baxımdan, yaşına görə mükəmməl ifa göstərən Daniil müxtəlif üslublara və dövrlərə aid olan hər iki əsəri hərəsini öz üslubuna xas tərzdə, çəkinmədən deyə bilərəm ki, möhtəşəm ifa etdi.

    Onu da qeyd edim ki, Nərgiz xanımın şagirdləri, təkcə ixtisas üzrə deyil, həmçinin nəzəri fənlər üzrə də, əksər hallarda yüksək nəticə göstərən uşaqlardır. Burada iştirak edən 6-cı sinif şagirdi Nurel Kərimova, 5-ci sinif şagirdi Abdulqadir Əzizzadə və 10-cu sinif şagirdi Səriyyə Məmmədli, məhz həmin şagirdlərdəndir. Proqramda Abdulqadir Y.Haydn C-dur sonata (I h.), Nurel həmin bəstəkarın e-moll sonatası (I h.) ilə , Səriyyə isə F.Şopenin Polonezi ilə təqdirəlayiq çıxış nümayiş etdirdilər. Məhz sonuncu əsər ilə də tədbirə yekun vuruldu.

    Maraqlı və ürəkoxşayan epizodlardan birini vurğulamaq yerinə düşərdi. Belə ki, məktəbimizdə, əslində violin sinfi üzrə təhsil alan 10-cu sinif şagirdi, Türkmənistan vətəndaşı Nuradin Abdullayev, müasir dildə desək bugünki “performansını” fortepiano ifası ilə göstərdi. Onun bu alətə həvəsinin müəlliminə olan rəğbəti ilə daha da canlandığının şahidi olduq. Fortepiano üzrə professor T.Seyidovun sevimli və layiqli tələbəsi, gözəl ifaçı, öz konsert çıxışları ilə dinləyiciyə zövq verən, cəmiyyətimizdəki akademik musiqi ifası haqqında yüksək fikir aşılayan pianoçu Fəqan Həsənlinin ümumi fortepiano sinfində dərs alan Nuradin Ennio Maricconenin “Playing love” kompozisiyası ilə yalnız pianoçunun deyil, bir violin ifaçısının da bu aləti hiss edə bilmək bacarığına malik olduğunu sübut etdi.

    Beləliklə, konsertdən alınan və bölüşdüyüm bu təəssüratla bütün müəəllim və şagirdlərimizə daha da dolğun, yeni, uğurlu çıxışlar arzulayaraq, hər bir ifaçını təbrik edir, belə konsert çıxışlarının şagird və ifaçı inkişafında zəruri olduğunu düşünürəm. Beynəlxalq dildə “Music Studio” kimi adlanan Məktəbimizin “Bünövrəsi”, sayəsində yeni, eksperimental, yaradıcı işlərə stimul verən professor Tərlan müəllimə hər zaman başının uca olmasını, məktəbi ilə qürur duymasını diləyərək, son cümləni daha bir kəlamla bitirmək istərdim: “Qabil şagird ustad olur ustadan”.

    Bakı Musiqi Akademiyasının
    məktəb-studiyasnın müəllimi, musiqişünas
    Vəfa HƏMİDOVA