• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 fevral 2017-ci il

    “Norma” operası. 7 fevral 2018-ci il tarixində saat 12.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında “Norma” operası ilə bağlı press-konfrans keçirilib.

    Konfransda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva gələn qonaqları salamlayaraq media nümayiəndələrini Opera Studiyasının əməkdaşları ilə yaxından tanış edib. Bildirilib ki, BMA-nın nəzdində yerləşən Opera Studiyası Musiqi Akademiyasının “Solo oxuma” kafedrasının tələbələrinin təhsil və təcrübə keçdiyi tədris teatrıdır. Opera və musiqi teatrlarının gələcək aktyorları burada formalaşırlar. Opera Studiyası opera tamaşalarının qoyulması kimi tədris planını “Solo oxuma” kafedrası ilə birlikdə işləyir. Təsadüfi deyildir ki, “Solo oxuma” kafedrasının müdiri, xalq artisti, professor Xuraman Qasımovanın yetirmələri bu gün də Opera Studiyasının səhnəsində fəaliyyət göstərən peşəkar ifaçılardır. Həmin ifaçıların iştiraki ilə bu illər ərzində bir sıra operalar tamaşaya qoyulmuşdur. Bu proses daima davam edir və yeni operalar Opera Studiyasının kollektiv əməyi sayəsində səhnələşdirilir.

    Qeyd edək ki, 8 fevral 2018-ci il saat 19.00 tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellininin “Norma” operası ilk dəfə səhnəyə qoyulacaq. Operanın premyerası quruluşçu dirijor Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissor Elvin Mirzəyevin rəhbərliyi ilə həyata keçəcək. Solistlər qismində Əməkdar artistlər - Fəridə Məmmədova (Norma), Səbinə Əsədova (Adalciza), Anton Ferştandt (Orovez), həmçinin Adil Axundov (Pollion), Hidayət Əliyev (Flaviy), İslamə Abdullayeva (Klotilda) çıxış edəcək.

    Mətbuat konfransında “Solo oxuma” kafedrasının müdiri, xalq artisti, professor Xuraman Qasımova, quruluşçu dirijor Xalq artisti, professor Fəxrəddin Kərimov və quruluşçu rejissor Elvin Mirzəyevin çıxışları zamanı operanın hazırlıq proresindən söz açılıb. Konfransda eyni zamanda qeyd edilib ki, solist qismində çıxış edən ifaçılarla yanaşı həm BMA-nın həm də ADMİU-nun tələbələri səhnədə çıxış edəcəklər.

    Sonda BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva hər kəsi lirik tragedik operanın əsrarəngiz musiqisini dinləməyə dəvət edib.