• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2017-ci il

    Azərbaycanın Gənc Alimlərin Birinci Qurultayi keçirilib. 15 dekabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib.

    Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Qurultayın açılış mərasimindən əvvəl gənc alimlərin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. O, qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib.

    Daha sonra çıxış edən Gənclər və idman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin elm və təhsilin inkişafı məqsədilə bir çox fərman və sərəncamlar imzaladıqlarını xatırladıb gənclərə yaradılan şəraitdən, həyata keçirilən bir çox layihələrdən ətraflı söz açıblar.

    Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib. Daha sonra çıxış edən gənc alimlər Azərbaycan elminin inkişafı istiqamətində bir sıra əhəmiyyətli təkliflər səsləndirib, geniş müzakirələr aparıblar.

    Sonda Azərbaycanın gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovative potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırır. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunub.

    Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

    Azərbaycan Gənc Alimlərinin I qurultayında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını, akademiyanın əməkdaşları Həbibə Məmmədova, Leyla Zöhrabova və Vüqar Hümbətov təmsil ediblər.