11 dekabr 2017-ci il
11 dekabr 2017-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında, Ümumilli lider Heydər Əliyevə həsr olunmuş anım tədbiri keçirilib.
BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova gələn qonaqları salamlayıb və tədbiri açıq elan edib. Professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin həyatını və Azərbaycan tarixində gördüyü müstəsna işlərini əks etdirən film izlənilib.
Bunun ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, “Humanitar fənlər” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və Əməkdar İncəsənət xadimi, Fəlsəfə elmləri doktoru, professor Telman Hacıyev çıxış edərək Ümumilli lider Heydər Əliyevin Azərbaycan xalqının inkişafında gördüyü misilsiz xidmətlərindən danışıblar. Anım tədbirində görkəmli şəxsiyyətin siyasi, ictimai, dövlət quruculuğunda və digər sahələrə görsətdiyi mühüm xidmətləri ətrafında söhbətlər aparılıb. Çıxış zamanı Ümumilli liderin mədəniyyət sahəsinə verdiyi dəyərli töfhələr xüsusilə qeyd olunub.
Tədbirdə professorların çıxışları ilə yanaşı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub.
Belə ki, Nigar Heydərli (Sergey Raxmaninov “Elegiya”), Nigar Cəfərova (Q.Fore “Oyanış”), Ləman Əsədova (Sergey Raxmaninov “Vokaliz”), Səid Bağırzadə (Nazim Əliverdibəyov “Elegiya”), Fidan Mirheydərzadə (Vaqif Mustafazadə- Fikrət Əmirov “Ömrün səhifələri”) ifasında musiqi nömrələri səslənib.