• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 noyabr 2017-ci il

    8 Noyabr 2017–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Kamera zalında elmi – konfrans və kamera konserti keçirilmişdir.

    Bu tədbir məşhur Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı Laureatı Tofiq Quliyevin 100 illiyinə həsr olunmuşdur.

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA – nın müxbir üzvi, Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözü ilə çıxış etmişdir.

    Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova, Sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudova, Sənətşünaslıq üzrə fəlsəfə dokrotu, professor Zemfira Abdullayeva, Sənətşünaslıq üzrə fəlsəfə dokrotu, BMA-nın professoru Könül Nəsirova, Sənətşünaslıq üzrə fəlsəfə dokrotu Mehparə Rzayeva Tofiq Quliyevin yaradıcılığının müxtəlif məqamlarını əhatə edən maraqlı məruzələrlə çıxış etmişlər.

    Z.Qafarova “Tofiq Quliyev və Azərbaycan Bəstəkarlar İttifaqı” adlı məruzəsində görkəmli sənətkarın bu yaradıcılıq qurumda geniş və çoxşaxəli fəaliyyətini işiqlandırmış və bəstəkar haqqında xatirələri ilə bölüşmüşdür.

    K.Nəsirova “Tofiq Quliyevin musiqi-tənqidi baxışları” adlı məruzəsində böyük sənətkarın müxtəlif illərdə yazdığı məqalə, resenziya, müsahibə və s. mənbələr əsasında sənətkarın - musiqi ifaçılığı, ayrı-ayrı əsərlər, musiqiçilər, janrlar haqqında fikirlərini sistemləşdirilimiş şəklində işiqlandırmışdır. Məruzəçi qeyd etmişdir ki, bu fikirlər müasir dövrdə də öz aktuallığını itirməmış və milli tənqidi fikrin inkişafında vacib rol oynamışlar.

    M.Rzayeva “Tofiq Quliyevin simfonik əsərlərində üslub xüsusiyyətləri” adlı məruzəsində görkəmli bəstəkarın yaradıcılığının vacib üslub komponentlərini səciyyələndirmiş, musiqisi üçün səciyyəvi olan xüsusiyyətləri açıqlamışdır. Məruzəçi T.Quliyevin özünəməxsus üslub cizgilərini, onu başqa bəstəkarlardan fərqləndirən dəst-xəttinin xüsusiyyətlərini konfrans işturakçılarına ətraflı şəkildə çatdırmışdır.

    Bütün məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

    Tədbirin konsert proqramında 12 saylı musiqi məktəbinin şagirdləri: Z.Əlizadə, M.Zaliyeva, A.Həsənova, F.Cəfərzadə çıxış etdilər.

    Konsert proqramının yekun hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskayanın yetirməsi, BMA – nın II kurs tələbəsi, Beynəlxalq Müsabiqə laureatı Fidan Mirheydərzadə böyük uğurla çıxış etmişdir. O, bəstəkarın fortepiano üçün bəstələdiyi məşhur “Qaytağı” əsərini ifa etmişdir.

    Konsertdə bəstəkarın oğlu məşhur kinorejissor Eldar Quliyev iştirak etmişdir. O, bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.