• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     1 iyun 2022-ci il

    1 iyun 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovun "Azərbaycan etnomusiqişünaslığı (1921-2021)" kitabının təqdimatı keçirildi.

    İki hissədən ibarət olan kitabın birinci hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş, ikinci hissədə isə Bakı Musiqi Akademiyasında etnomusiqişünaslığın inkişaf yolları işıqlandırılmışdır. Burada Azərbaycan və rus dillərində Bakı Musiqi Akademiyasının əməkdaşlarının çap olunmuş kitablarının, metodik tövsiyələrinin, dissertasiya işlərinin siyahısı və "Tarixin canlı səsləri" adlı audio nəşri yer almışdır. Bu səslərin sırasında Ümummilli lider Heydər Əliyev, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli, görkəmli sovet bəstəkarı Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül və s.kimi görkəmli musiqiçilər də yer almışlar.

    Həmin kitabda azərbaycanlı müəlliflərlə yanaşı, Türkiyə, Rusiya, Qaxazıstan, Tacikistan və Özbəkistanın bir sıra etnomusiqişünas alimlərin məqalələri toplanmışdır.

    Tədbirdə BMA-nın Tədris işləri üzrə prorektoru Əməkdar müəllim, pedaqoji elmlər namizədi professor, Nərminə Quliyeva ön sözlə çıxış edərək, Tariyel Məmmədovu  kitabın çap olunması münasibətilə təbbir etdi və qeyd etdi ki, bu Azərbaycan musiqi mədəniyyəti üçün təqdirəlayiq bir haldır.

    Sonra Tariyel Məmmədova söz verildi. O, bütün qonaqları salamlayaraq, kitabının çap olunmasında əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.

    Qeyd edək ki, təqdimatda onlayn canlı bağlantı vasitəsilə xarici ölkələrdən olan müasir dövrün görkəmli  musiqişünas-alimləri- P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının prorektoru, sənətşünaslıq doktoru, professor,  Konstantin Zenkin, Moskva Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq doktoru Violeta Yunusova, AMEA, Memarlıq və incəsənət İnstitutu, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir-üzvü Rəna Məmmədova, Sənətşünaslıq doktoru, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun aparıcı elmi işçisi Gültəkin Şamilli, M.Tursunzode adına Tacikistan Dövlət Mədəniyyət Və İncəsənət İnstitutunun professoru, Sənətşünaslıq doktoru, Firuz Ulmasov iştirak etmişlər. Onlar da Tariyel Məmmədovu və Bakı Musiqi Akademiyasını təbrik edərək, ürək sözlərini bildirdilər.

    Çıxışlardan sonra bədii hissəyə yer verildi.

    Konsertdə BMA-nın müəllimləri və tələbələri - Rüfət Məmmədov, Vüsalə Babayeva, Erol Rzayev, Cəmalə Abdinzadə, Fatimə Nəsirli, Nuranə Qurbanova, Kamran Talıblı, Nəriman Məsimovun ifasında Malkoç Arnoldun "Alleqro", Fikrət Əmirovun "Poema-Monoloq", İohan Bramsın "Skerso", Astor Piazzolanın "Tanqo" və Tofiq Quliyevin "Ləzginka" əsərləri səsləndirildi.

    Tədbirin son çıxışları ilə Akademiyanın hörmətli musiqişünas-alimləri professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ülviyyə İmanova və  Əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadə də öz növbəsində   musiqi mədəniyyətimizə böyük tövhə olan bu kitabın çap olunması ilə əlaqədar Tariyel Məmmədovu təbrik edərək,  yeni yaradıcılıq uğurları arzu etdilər.