• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 dekabr 2020-ci il

    Üzeyir  Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı vebinar keçirtdi.

    Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan  44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək şanlı tarix yazdı. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasəti Azərbaycan Respublikasının Ali Baş Komandanı və Müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə dəf olundu. Lakin düşmən tərəf informasiya müharibəsini hələ də davam etdirməkdədir. Bununla əlaqədar olaraq, ölkəmiz haqqında informasiyanı dünyaya çatdırmaq, gənc nəslin düşmənə qarşı məlum informasiya müharibəsindəki aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı 23 dekabr tarixində onlayn vebinar keçirildi. 

    İlk öncə vebinarın icraçısı, Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək, Azərbaycan və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və bu mövzunun onun üçün önəmini vurğulayaraq, xoş arzularını vebinar iştirakçılarına çatdırdı. Yeganə Axundova da öz növbəsində məsələyə münasibətini bildirərək, çıxış edənləri təqdim etdi.

    Sonra vebinarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin  dekanı Vüqar Zifəroğlu "Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", "Media məkanımıza müdaxilədə başlıca hədəflər" mövzuları ilə ətraflı çıxış edərək, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında  tövsiyələrini irəli sürdü. O, eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı KİV-lərin fəaliyyətindən, beynəlxalq mediadan, Ali Baş Komandanın Beynəlxalq media nümayəndələrinə verdiyi uğurlu müsahibələri və xalqa müraciətləri zamanı qətiyyətli, əhəmiyyətli çıxışlarından misal gətirərək, apardığımız informasiya müharibəsinin də bu zəfər çalınmış savaşda önəmini vurğuladı.

    Ardınca Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat informasiya və analitik təhlil şöbəsinin müdir müavini, Təbliğat və analitik təhlil sektorunun müdiri Leyla Həmzəyeva 2020-ci il 27 sentyabr-10 noyabr tarixlərində baş tutmuş 44 günlük Vətən müharibəsi zamanı diasporanın xarici ölkələrlə qurulan əlaqələri, görülən işlərin hesabatı ilə çıxış etdi və ona ünvanlanan sualları cavablandırdı.

    Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun rəhbəri Nigar Eyvazzadə mövzu ətrafında geniş söhbət açaraq, bu sahədə informasiya müharibəsində gənclərin və könüllülərin aktiv iştirakı  metodları haqqında vebinar iştirakçılarını məlumatlandırdı. 

    Vebinarda BMA-nın professor-müəllim heyəti Əməkdar incəsənət xadimi, BMA-nın Elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Azərbaycan Respublikasının Xalq artisti, professor Zəhra Quliyeva, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, professor Mina Hacıyeva, dosent Kəmalə Ələsgərli, dosent Xatirə Həsənzadə, BMA-nın Elmi laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə öz təcrübələrini bölüşərək bu qlobal məsələyə dair fikirlərini söylədilər. Eləcə də bu mövzuda çıxış edən qonaqlara suallar ünvanlayıb, müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri və onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək, gələcəkdə bu istiqamətdə  birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyini qeyd etdilər. Həmçinin BMA-nın müəllimlərindən “Kamera ansamblı” kafedrasının müdiri professor Kəmalə Neymanova, baş müəllimlər Zərif Kərimova və Günel Eyvazzadə, həmçinin Səidə Tağızadə, Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov, BMA-nın mətbuat şöbəsinin müdiri Yeganə Tapdıqova, BMA-nın mətbuat işçisi Ofelya  İsgəndərova, Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə mütəxəssisi Zülfiyyə Şəfiyeva, “Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə” fakültələrinin tələbə heyəti də vebinarda dinləyici qismində iştirak etmişlər. Tələbə heyəti də öz növbəsində aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər.

    Qeyd edək ki, “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” vebinarının moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova idi.