• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2018-ci il

    20 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi”: Orqonoloqiya və Akustika” Elmi-Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev “Azərbaycan xalq mahnı və rəqsləri erməni saxtakarlığının hədəfində” adlı mövzu ilə çıxış edib.


    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi tədqiqat laboratoriyasının növbəti elmi seminarı milli musiqimizə qarşı bədnam qonşular tərəfindən davam edən saxtakarlıq cəhdlərinə həsr olunub.
    Seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Azərbaycan xalq mahnı və rəqsləri erməni saxtakarlığının hədəfində” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni bəstəkarları, musiqişünasları, ifaçıları tərəfindən on illərlə həyata keçirilən məqsədli plagiat, mənimsəmə, özününküləşdirmə, oğurluq və yalan faktlarından ətraflı bəhs edilib.
    Məruzəçi ilk olaraq erməni bəstəkarı Komitasın fortepiano üçün “Rəqslər” toplusunda (Moskva, 1939) dörd Azərbaycan, iki Ərzurum xalq rəqsini “erməni rəqsi” adı ilə nota yazdığını müqayisə və təhlillərlə sübuta yetirib. Bundan əlavə, xalq rəqslərimizin qədim nümunələrindən “Otuz iki” (digər adı “Toy rəqsi”), “İnnabı”, “Aşqabadı” (digər adı “Şuşa maralı”) həmin məcmuədə “Eranqi Eravanski”, “Unabi Şuşinski”, “Marali Şuşinski” erməni rəqs adı ilə yer alıb. “Nə baxırsan, yanı-yanı” xalq mahnımız isə “Eranqi Vaqarşapatski” adı ilə rəqs kimi nota yazılıb.
    Bəstəkar, SSRİ Xalq artisti A.Babacanyanın piano üçün 1978-ci ildə yazdığı “Elegiya” pyesinin xanəndələrimiz tərəfindən Füzulinin məşhur qəzəlinə oxunan “Şur təsnifi”, “Vaqarşapat rəqsi” pyesinin (1948) qədim “Otuz iki” rəqsimiz, E.Petrosyanın “Axalsix kadrili”nin isə “Koroğlu havası” olması faktlarla diqqətə çatdırılıb. A.Abduləliyev həmçinin bəstəkar və pedaqoq E.İ.Baqdasaryanın İrəvanda 1974-cü ildə çap olunmuş “Erməni rəqsləri” not məcmuəsi haqqında məlumat verib. Məcmuədəki 41 nümunədən 22-sinin Azərbaycan xalq rəqsi olduğu konkret dəlillərlə aşkar edilib.
    Seminarda BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı, elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Milli Konservatoriyanın professoru Fəttah Xalıqzadə, rəqs sənəti tədqiqatçısı Rauf Bəhmənli və başqaları çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar. Faktlar əsasında elektron bazanın yaradılması təklif olunub.