• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 dekabr  2018-ci il

    4 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının kollektivinin üzviləri Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin qonağı olublar.


    Xanım Nuridə İsmayılzadənin rəhbərliyi ilə xalq artistləri məşhur tarzən Ramiz Quliyev, xanəndə Zümrüd Məmmədova habelə, laboratoriyanın elmi işçiləri Zeynal İsayev, Sahilə Əzizova, Bəsti Kazımova və Könül Əhmədova iştirak ediblər.
    İlk öncə məktəbin dirketoru Yusif Vəliyev məktəb haqqında ətraflı məlumat verərək məktəbin 1934-1935-ci tədris ilində professor G. Şaroyevin (1890 -1969) təşəbbüsü ilə Bakı Dairəvi Zabitlər Evinin nəzdində fəaliyyətə başladığını bildirib. Professor G.Şaroyev məktəbdə məşhur musiqiçiləri və pedaqoqları ətrafına toplayaraq istedadlı şagirdlər yetişdirmişdir. Sonradan 10 illik tədris prosesi nəzərdə tutulmaqla məktəb öz fəaliyyətini davam etdirib, 1960-cı ildən isə 11 illik təhsil sisteminə keçirilib və 1969-cu ildə G.Şaroyevin vəfatından sonra məktəbə onun adı verilib.

    Görüş zamanı Yusif Vəliyev məktəbdə qurulmuş tədris prosesindən danışaraq qeyd edib ki, burada 20-dən artıq ixtisas üzrə dərslər keçirilir və 400-dək şagirdin təhsili ilə 100-dən çox müəllim məşğul olur. Şagirdlər arasında onlarla Respublika və Beynəlxalq müsabiqələr laureatları var.

    Daha sonra ön sözlə Nuridə İsmayılzadə çıxış edərək gəlişin məqsədini və məramını, Ü. Hacıbəylinin qoyduğu marifçilik ənənəsinin təzahürü olduğunu bildirib. Bunun ardınca görkəmli tar ifaçısı Ramiz Quliyev səhnəyə keçərək hər bir şagirdlə ayrı-ayrılıqda məşğul olmağa başlayıb.
    Şagirdlər böyük həvəslə və bacarıqla milli musiqimizə aid parçaları ifa edərək Ramiz müəllimin verdiyi hər bir məsləhəti diqqətlə dinləyiblər. Verilən dəyərli məsləhətlər şagirdlərin peşəkarlığının artırılmasına təsir edəcəkdir.


    Sonda Georgi Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin direktoru Yusif Vəliyev tədbirin iştirakçılarına öz minnətdarlığını bildirərək yenidən ustad dərslərinin keçirilməsini arzulayıb.

    Beləliklə böyük ruh yükəkliyi ilə keçən tədbir sona çatıb.