• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr  2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tətbiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının daha bir tədbiri

    Azərbaycan xalq yaradıcılığı məzmun baxımından çox müxtəlif və rəngarəng olduqlarına görə əsrlər boyu şifahi surətdə yayılmış, nəsildən-nəsilə ötürülmüşdür. Xalq musiqimizin təməli Azərbaycan folklorunun toplanılıb, nota köçürülməsi işi dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən həyata keçmişdir. Üzeyir bəy Qori Müəllimlər Seminariyasında təhsil aldığı illərdən folklorun öyrənib, toplayıb, nota salınması işi ilə ciddi məşğul olmuş, məcmuələr nəşr etdirmişdir. Üzeyir bəy tərəfindən folklor nümunələrinin toplanılması işi ənənə şəklini almış və sonralar bəstəkarlarımız tərəfindən yığılıb məcmuə şəklində nəşr olunmağa başlandı. Bu folklor nümunələrinin toplanması işi M.Maqomayev, S.Rüstəmov, B.Hüeynli, M.Əhmədov, A.Gəray, T.Quliyev kimi bəstəkarlarımız tərəfindən həyata keçmişdir. Bu iş daha intensiv və sistematik şəkil almış, xalq rəqslərinin toplanıb nota salınmasına maraq daha da güclənmiş, bir çox məcmuələr işıq üzü görmüşdür. Bu məcmuələr folklorumuzun rəngarəngliyini özündə əks etdirir. Bildiyimiz kimi, folklorumuz janr zənginliyinə malikdir. Söhbət açacağımız janr da rəqsdir. Əvvəldə qeyd etdiyimiz kimi, xalq yaradıcılığımızın bir qolu olan rəqs janrı özülü Üzeyir bəy tərəfindən qoyulmuş və bir çox bəstəkarlarımızın yaradıcılığında öz əksini tapmışdır. Adlarını sadaladığımız bəstəkarlar bu folklor nümunələrini toplamış və məcmuələr dərc etdirmişlər. Hal-hazırda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşı, böyük elmi işçi Rauf Bəhmənli xalq rəqslərimizin toplanıb notlaşdırılması işi ilə bağlı elmi araşdırmalar aparır və toplanmış materialları məcmuə şəklində nəşr etdirir.

    Dekabr ayının 13-ü, saat 14.00-da Bakı Xoreoqrafiya Akademiyasının Musiqi fənləri kafedrasının təşkilatçılığı ilə birgə və həm də Xoreoqrafiya Akademiyasının 90 illiyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və onun davamçılarının yaradıcılığında xalq çalğı alətlərinin ifasında seçilmiş rəqs nümunələrinə elmi-praktiki aspektdə yanaşma” mövzusunda elmi-praktiki seminar keçirildi. Bu seminarın ilk açılışını Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sona İbrahimova açdı. Sona xanım Bakı Xoreoqrafiya Akademiyasının yaranması haqda qısa məlumat verərək, hamını salamlayıb, məruzəçilərə söz verdi. Seminarda Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi, xalq artisti, professor Ramiz Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tətbiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə və BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak edirdilər. Gülnaz xanım Abdullazadə rəqslərimizin, rəqslərimizin icra olunması, rəqslərin xoreoqraflar tərəfindən səhnələşdirib və elə rəqslər var ki, onlar xoreoqraflar tərəfindən oynanılmayıb, onların da yenidən əldə olunub, bərpa olunması, hər bir rəqsin müxtəlif bölgələrdən olması haqda məlumat verdi. Xalq artisti Ramiz Quliyev isə xalq rəqslərinin tar üçün işlənməsi və səsləndirilməsi barədə maraqlı çıxış etdi. Nuridə xanım isə Bakı Musiqi Akademiyasında vaxtilə fəaliyyət göstərən laboratoriyalar haqda və bu laboratoriyada əldə etdiyimiz nailiyyətlər barədə ətraflı məlumat verdi. BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli rəqslərin tarixi, onların toplanıb nota köçürülməsi, yaddan çıxmış və əldə olunan xalq yaradıcılığımızın qolu olan rəqslərin Üzeyir Hacıbəylinin musiqili komediyalarında istifadəsi haqda geniş, müfəssəl məruzə ilə çıxış etdi. Əməkdaşımızın söylədiyi kimi Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq rəqslərindən çox geniş istifadə olunmuşdur. Təbii ki, əsasən də musiqili komediyalarında oyun havaları geniş əhəmiyyət daşıyır. Belə ki, bəstəkar musiqili komediyalarında xalq mahnı və rəqslərin musiqi dili ilə bir çox gülüş doğuran personajların obrazlarını yaratmışdır. “O olmasın, bu olsun” musiqi komediyasında 9 xalq rəqsindən istifadə etmişdir. Bunlar - “Darçını”, “Qıtqılıda”, “Uzundərə”, “Lalə”, “Vağzalı”, “Mirzəyi”, “32”, “Püstə xanım”, “Kiri-kiri” rəqsləridir. Komediyada “Lalə”, “Qıtqılıda”, “Vağzalı” və “Mirzəyi” oyun havası kimi, “Darçını”, “32”, “Uzundərə”, “Kiri-kiri”, “Püstə xanım” mahnı kimi təqdim edilmişdir. Mahnı kimi təqdim olunan rəqslərin mətnlərini də Üzeyir bəy özü yazmışdır. Bununla yanaşı bəzi rəqslərin adlarının bir neçə adlarla bizim dövrə gəlib çatması da məruzədə öz əksini tapdı. Bunlardan “Nazəndə” adı ilə adlanan rəqs sonralar “Fəridə” adı ilə daha geniş vüsət almış, indi də bu adla tanınır. Əsas məqsəd də bu rəqslərin öz yarandığı vaxtdan əsas adları ilə adlandırılmasına nail olmaqdır. Çox maraqlısı da odur ki, xalq artisti Ramiz Quliyevin ifasında bu rəqslərin səslənməsi idi. Bu rəqslərdən bəziləri demək olar ki, bəstəkarlar tərəfindən işlənib. Buna misal “Şənlik” (İşləyəni Fikrət Əmirov) və “Qaytağı” (bu rəqsə bir çox bəstəkarlar müraciət ediblər) rəqslərini göstərmək olar. “Arşın mal alan” operettasında isə 7 xalq rəqsindən istifadə olunmuşdur. Bunlar “Vağzalı”, “Yaqutu”, “Suleymani”, “Pay tutbər”, “İndiqo”, “Gopu” yallısı və qəhrəmani rəqslərdir. Üzeyir bəy “Yaqutu” rəqsini Vəli və Tellinin oyununda istifadə etmişdir. Ən tanınmış rəqs “Suleymani”dir, qədim adı “Onluq”dur, Müslüm Maqomayev tərəfindən işlənmişdir. Bu da Süleyman ilə Asyanın oyununda səslənmişdir. Əsas obrazlar Əsgər və Gülçöhrənin obrazlarında “İndiqo” rəqsindən istifadə edilmişdir. istifadə olunan rəqslərimizin adlarını sadalayıb, onların janr təsnifatı haqda məlumat verməklə yanaşı, eyni zamanda xalq artistimiz Ramiz Quliyevin ifasında rəqslərimizin səsləndirilməsi seminarı daha da canlandırdı. Beləlikə də seminarın sonunda Bakı Xoreoqrafiya Akademiyasının “Azərbaycan dili və ədəbiyyat” kafedrasının şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Vəfa Əliyev və “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov çıxış edərək belə elmi-praktiki seminarların tez-tez keçirilməsini və məruzəçilərə dərin minnətdarlığını bildirdi. Görüşmək ümidi ilə.....


    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
    “Şifahi ənənəli Azərbaycan professional musiqisi
    və onun yeni istiqamətlərinin tətbiqi:
    Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının
    Nəsirova Fidan