• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 dekabr 2018-ci il

    3 dekabr 2018-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Uilyam R. Gill Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olaraq BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli ilə görüşüb.

    Görüşdə həmçinin Amerika Səfirliyin Mədəniyyət işləri üzrə müşaviri Hayde Smit, Mədəniyyət proqramları direktoru Fərqani Əliyev və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirak ediblər.

    Görüş zamanı ABŞ və Azərbaycan arasında mədəni əməkdaşlıq, musiqitəhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması və ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib.

    Bundan başqa BMA-da caz musiqisinin daha da inkişaf etdirilməsində Amerika caz musiqiçilərinin iştirakının artırılması və Amerika musiqi mədəniyyətinin əsas janrlarından hesab olunan müziklin Azərbaycanda təbliğ edilməsi və inkişafına dəstək verilməsi haqqında söhbət aparılıb.

    Aparılan qarşılıqlı müzakirələrdən sonra cənab Uilyam R. Gill və heyətinə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Lumineux vokal ansamblı (Bədii rəhbər və dirijor: BMA-nın baş müəllimi Naala Baratelia) və “Detaşe” violinoçular ansamblı (Bədii rəhbər: Xalq artisti, professor Zəhra Quliyeva), BMA-nın III kurs tələbəsi Niftiyev Elxan, BMA-nın IV kurs tələbəsi Əmirli Nəzrin və magistr pilləsinin I kurs tələbəsi Qüdrətli Ülkər tərəfindən kiçik konsert proqramı təqdim edilib.

    İfaçılar rəngarəng musiqi repertuarı ilə çıxış edərək (C.Qerşvin “A foggy day in London”, “Bağa girdim üzümə” xalq mahnısı, F.Şopen- 23 saylı etüd a-moll, F.Doppler “Duettino”, Q.Fore “Oyanış”, Q.Qarayev “Rəqs”) cənab William R. Gill və heyətinə bənzərsiz anlar yaşadıblar.

    Konsert proqramından sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli cənab Uilyam R. Gilli BMA-nın tələbə heyətinə təqdim edib və ABŞ-ın Müvəqqəti işlər vəkili BMA-nın müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələri ilə görüşüb.
    Bunun ardınca Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Müvəqqəti işlər vəkili cənab Uilyam R.Gill onun Azərbaycan haqqında təssüratları, Amerika Səfirliyinin beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş təqaüd proqramları və Amerika musiqi və caz mədəniyyəti haqqında BMA-nın müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrinin suallarını cavablandıraraq maraqlı müzakirələr aparıb.

    ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Uilyam R. Gillin BMA-nın rektoru və tələbə heyəti ilə görüşü xoş təəssüratlar və birlikdə çəkilmiş foto ilə başa çatıb.


    BMA-nın Mətbuat xidmətinin əməkdaşı Əhmədova Minacat