• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14-24 noyabr 2018-ci il

    14-24 noyabr 2018-ci il tarixlərində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının Magistr II kurs tələbələri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.


    Bu müddət ərzində tələbələr ixtisas, kamera ansamblı, konsertmeyster ustalığı, nəzəri dərslərdə iştirak edərək, təşkil olunan ustad dərslərindən bəhrələniblər.

    Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının xor-dirijorluq kafedrasınında elmi təcrübə keçən tələbələr BMA-nın professoru Leyla Məmmədovanın sinfində professor Nicat Məlikovun xor üçün işlədiyi “Bülbülün geydiyi sarı” xalq mahnısı üzərində müzakirələr aparıblar. Bununla yanaşı Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə ilə tələbələrin görüşü keçirilib. Ümumi elm haqqında söhbət aparan professor Azərbaycanın musiqi mədəniyyəti və bu mədəniyyətin inciləri haqqında dəyərli fikirlərini tələbələr ilə bölüşüb.

    Növbəti görüş isə sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, "Musiqi dünyası" jurnalının baş redaktoru, professor Tariyel Məmmədov ilə olub. Qazaxıstan Milli Konservatoriyasının tələbələrinə "Musiqi dünyası" jurnalı haqqında məlumat verən professor Tariyel Məmmədov qeyd edib ki, 1999-cu il sentyabrın 18-də, "Üzeyir musiqi günü"ndə respublikamızın musiqi ictimaiyyətinə yeni bir nəşr kimi təqdim edilən jurnal "Azərbaycan musiqisi üçüncü yüzillikdə" proqramına əsaslanan, ilk dəfə həm azərbaycan, həm də rus və ingilis dillərində dərc olunan elmi-pedaqoji, tənqidi-publisistik və mədəni-maarif musiqi jurnalıdır.

    Bununla yanaşı "Musiqi dünyası"nın fəaliyyəti haqqında geniş məruzə aparan professor öz çıxışında jurnalın mühüm istiqamətlərindən biri kimi Azərbaycanın qeyri–maddi sərvətlərinin qorunması və gələcək nəsillərə çatdırılması, milli musiqi xəzinəsinin dünyada təbliğinin yüksək amalla çalışdığını bildirib.

    Dərslərdə iştirak edən Kurmanqazı adına Kazaxıstan Milli Konsertvatoriyasının və BMA-nın tələbələri 23 noyabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında konsert proqramı ilə çıxış ediblər.

    Tələbələr azərbaycan və xarici bəstəkarların əsərlərinə (Qara Qarayev – Prelüd (Orqan üçün işləməsi Tahirə Yaqubova), F.Əmirov “Kor Ərəbin mahnısı”, R.Boutry “Tuba Roque”, Vaqif Mustafazadə “Mart”, Bartok “Rumin rəqsləri”, Niyazi “Arzu”, Q.Qarayev “Prelud A dur”, Pyatsola “Tango”, Brass Kvitet –Luther Henderson “Amazing Grace”, Həsən Rzayev “Çahargah rapsodiyası”) müraciət edərək yüksək peşəkarlıq ilə çıxış ediblər.

    Bununla yanaşı qazax xalq mahnılarını (“Tau işinde” (xor üçün işləyən Jubanova), “İliqay” (xor üçün işləyən A.Orenburqskaya), “Yelim-ay” (xor üçün işləyən Jubanova)) ifa edən istedadlı tələbələr bütün auditoriya tərəfindən maraqla qarşılanıb. Dinləyicilər tərəfindən gur alqışlar ilə konsert sona çatıb.