• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 sentyabr 2018-ci il

    “Məhəbbət əfsanəsi” və ya əfsanələşmiş ömür


    AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA
    ARİF MƏLİKOVUN ROLU

    Mən Arif Məlikovun yazdığı əsərləri həmişə yüksək qiymətləndirmişəm
    və onun sənətə bağlılığını, yaradıcılığı ilə yaşadığını,
    öz əsərləri ilə Azərbaycan incəsənətini, musiqisini zənginləşdirdiyini
    həmişə hiss etmişəm.

    Heydər Əliyev

    “Mən Arif Məlikovun musiqisində bəşəriyyətə müraciət,
    onun humanist istiqamətini gördüm,
    mən onda insanlara müraciət, xalqa bağlılıq görürəm,
    mən onda onun torpağının, suyunun, səmasının izini görürəm”.

    Əhməd Adnan Sayqun

    Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biridir. Arif Məlikovun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətində parlaq bir hadisə kimi böyük maraq kəsb edir və bir çox Azərbaycan və xarici musiqiçilərin, istər professional, istərsə də geniş musiqisevər kütlənin hər zaman diqqət mərkəzindədir. Onun dərin və özünəxas musiqisi haqlı olaraq böyük rəğbət qazanmışdır.
    Bəstəkarın “Məhəbbət əfsanəsi” baleti 1961-ci ildən bu günə qədər dünyanın demək olar ki, bütün tanınmış teatr səhnələrində tamaşaya qoyulub. Bircə elə bu fakt Arif Məlikovun dünya səviyyəsində dəyərli və təkrarolunmaz bir şəxsiyyəət olduğunu sübut edir.
    Sentyabrın 13-ü bizim üçün çox əziz olan bu sənətkarın 85 yaşı tamam olur. Öz məhsuldar həyat yaradıcılığında o, Azərbaycan tarix və mədəniyyətində iz buraxmağı bacarıb və həm bəstəkar, həm rəssam, həm müəllim, həm də siyasi xadim kimi ölkəsinə və xalqına xidmət göstərib.
    Geniş-miqyaslı yaradıcılığında müxtəlif janrlara məxsus əsərlərin müəllifi olan bəstəkar özünü bu janrların hər birində tam sərbəst hiss edir. Balet və simfoniyalar, monumental vokal-orkestr əsərləri, kamera-instrumental əsərlər, kino və dram tamaşalarına musiqi, romans və mahnılar, fortepiano silsilələri, operetta – bir sözlə, bütün bu janrlarda Arif Məlikov olduqca orijinal və özünəməxsus şəkildə çıxış edir və öz fərdi yaradıcı “mən”ini parlaq surətdə nümayiş etdirir. Ən əsası isə – həm iri, həm də kiçik formalı bütün bu əsərlərdə dərin milli başlanğıc duyulur, yəni, şifahi ənənəli Azərbaycan musiqisinin klassik qanunauyğunluqları ilə müasir bəstəkar yazı tərzinin üzvi əlaqəsi hiss olunur.
    Arif Məlikov keçmiş dövrlərin musiqi mədəniyyətinin klassik ənənələrini, eyni zamanda bütün müasir musiqi cərəyan və istiqamətlərini əsaslı şəkildə mənimsəmişdir və bütün bunların hamısı onun individual yaradıcılıq üslubuna emal edilmişdir.
    Bəstəkar şifahi ənənəli Azərbaycan musiqisinin klassik ənənələrinə, əsasən muğam sənətinə əsaslanır və bu zəngin mənbəni öz yaradıcılığıda qoruyur. Təsadüfi deyil ki, XX əsrin görkəmli bəstəkarı Dmitri Şostakoviç Arif Məlikova belə dəyər vermişdi: “Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir...”
    Аrif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, musiqi ilə məşğul olamağa çox gec başlamışdır. Belə ki, 14 yaşında ikən o, heç bir not tanımırdı, lakin uşaqlıqdan ədəbiyyata və musiqiyə maraq göstərirdi. Onun atası, Cahangir Məlikov hərbçi idi, musiqini, xüsusən, Üzeyir Hacıbəylinin yaradıcılığını çox sevirdi. Bəstəkarın anası Püstə xanım təcrübəli ədəbiyyat müəllimi idi, eyni zamanda professional olmasa da kamançada çox gözəl ifa edirdi. Belə ki, musiqiyə, ədəbiyyata məhəbbət məhz elə anasından ona miras qalmışdı. Balaca Arif valideynləri ilə birgə tez-tez Opera teatrına gedərdi və demək olar ki, bütün muğam operalarını izləmişdi (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” və s.).
    O illəri xatırlayarkən bəstəkar deyir: “Uşaqlıqdan bizim evimizdə musiqiçilər yığışardı və ifa edərdilər. Bir gün ailə dostumuz mənə bir tar bağışlayır. Tez bir zamanda tarda çalmağı öyrəndim və Asəf Zeynallı adına musiqi texnikumunun tar sinfinə daxil oldum. Orada Əhməd Bakıxanovdan, Mansur Mansurovdan və Adil Gəraydan dərs aldım. Bu illər ərzində muğamları, xalq musiqisini dərindən öyrənirdim və “Humayun” muğamı ilə texnikumu bitirdim. Bu muğam çox kədərli və qəlbə toxunandı və ona sevgim uşaqlıqdan olub. Humayun ladı mənim sonrakı yaradıcılığımda da xüsusi yer tutub”.
    Texnikumda oxuduğu illərdə Arif Məlikov artıq bəstəkarlığa meyl göstərir və bu sənətin sirləri onu cəlb edir. Tezliklə o, nəzəriyyə dərslərində iştirak edərək bəstəkarlıq sənətini dərindən mənimsəyir. Onun maraq dairəsi genişlənir və fenomenal yaddaşı olduğundan təkrar etməyə ehtiyac qalmır. Lakin texnikumu bitirərkən onun Ali məktəbə daxil olmaq məsələsi irəli sürülür. Dörd il ərzində öyrəndikləri isə buna imkan vermirdi. Ona görə o, bir il Şuşa şəhərində müəllim kimi fəaliyyət göstərərək, öz biliklərini mükəmməlləşdirir. Altı ay ərzində yaddaşına güvənərək, bəstəkar onbirillik məktəb proqramını mənimsəyərək bəstəkarlıq sinfinə daxil olmaq üçün bir neçə pyes və prelüd bəstələyir. Beləliklə, artıq Azərbaycan Dövlət Konservatoriyasına sənəd verib arzusunu reallaşdıra bilər.
    Budur, gənc Arif Məlikov bəstəkarlıq kafedrasının tələbəsidir, özü də görkəmli bəstəkar Qara Qarayevin sinfində. Tələbəlik illərindən danışarkən, o deyir: “Qarayevin sinfində məşğələ keçmək çox maraqlı idi. Hər bir tələbənin fərdi yaradıcı xüsusiyyətlərini dərindən duymaq, gənc musiqiçinin çalışmalarını düzgün istiqamətləndirmək, “istedad axını” nı həqiqi məcraya yönəltmək qabiliyyəti onun pedaqoji istedadının xüsusiyyətlərindən idi... Qarayevin sinfində keçirdiyim saatlar indi də xatirimdədir. Dərsin son dəqiqəsinə kimi mən gərginlik içində olurdum, bu gözəl müəllimin dediklərindən heç bir şeyi ötürməməyə çalışırdım. Sözlərinin mənə və ya başqasına ünvanlanması əhəmiyyətli deyildi... Mən həmişə Qara Qarayevin tələbəsi olduğumu qürurla deyirəm, bu isə məni məsuliyyət daşımağa vadar edir”.
    Təbii ki, Arif Məlikovun yaradıcılığının formalaşmasında Qara Qarayevin böyük rolu olub. A.Məlikov müəlliminin ənənlərini mənimsəyərək, öz fərdi, təkrarolunmaz üslubunu yarada bilmişdir.
    Qeyd edək ki, məhz Qara Qarayevin məsləhəti ilə Arif Məlikov öz ilk baletinin librettosuna müraciət edir və sonradan bu balet demək olar ki, bütün dünyanı fəth edir. Qara Qarayev yazırdı: “Hər dəfə Bakıdan uzaqlarda doğma Azərbaycan musiqisini eşidəndə ürəyim fərəh və qürurla dolur. “Məhəbbət əfsanəsi”nin yaranması musiqi həyatımızda əlamətdar hadisə, incəsənətimizin bayramıdır. İstərdim ki, bizim bəstəkarlar müasir dövrlə səsləşən əsərləri ilə Azərbaycan torpağını daha da şöhrətləndirsinlər”. Müəllimin bu qiyməti, əlbəttə ki, çox şərəflidir.
    Eyni zamanda digər müxtəlif şəxsiyyətlər də onun yaradıcılığında və həyatında xüsusi iz qoyublar.
    Bunlardan biri Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylidir. Dahi bəstəkarımızın yaradıcılığında ilk dəfə Şərq və Qərb musiqi mədəniyyətlərinin vəhdəti və sintezi təqdim edilmişdir. Arif Məlikov Ü.Hacıbəylinin bədii və estetik prinsiplərini dərindən mənimsəmişdi. Onun haqqında məhəbbət dolu hisslərlə danişir: “Hacıbəyov musiqisi... Hansı Azərbaycanlı onun valehedici musiqisini beşikdən qulaq asmayıb və sevməyib! Və bizdə bu musiqiyə məhəbbət günü gündən artır. Mənim ailəmdə onu hamı oxuyurdu”.
    Beləliklə, Üzeyir Hacıbəyli mənbəsi, Azərbaycan xalq musiqisinin inciləri, Qara Qarayev məktəbi, eyni zamanda müasir musiqinin təsiri (bura Dmitri Şostakoviç və Sergey Prokofyevin yaradıcılığını da vurğulamaq lazımdır) – bütün bu amillər bir yerə toplanaraq A.Məlikovun üslubunun formalaşmasında mühüm rol oynadı.
    A.Məlikov çox zəhmətkeş, hər zaman öz üzərində işləyən tələbə idi. Oxuduğu illər ərzində o, artıq orkestrda ifa olunmuş dörd partitura müəllifi oldu. O. birinci kurs ərzində fortepiano üçün altı prelüd, kvartet üçün üç pyes, violin və fortepiano üçün süita yazır. İkinci kursda isə kvartetə müraciət edir, bu da bəstəkarın bəstəkarlıq və polifoniya qanunlarını tez mənimsəməsindən xəbər verir.
    Arif Məlikovun tələbəlik illəri görkəmli dirijor Niyazinin aktiv yaradıcılığı ilə eyni vaxta təsadüf etdi və dahi dirijor ilə dostluğu bəstəkarın sənətində mühüm iz qoydu. Niyazi haqqında A.Məlikov fərəhlə danışır: “O vaxtlar filarmoniyada tez-tez musiqi səslənərdi. Repertuara həm Azərbaycan, həm rus, həm də xarici musiqi daxil idi. Bu konsertlər sənətin bayramına çevrilmişdilər. Burada aparıcı bəstəkar və musiqiçilərlə yanaşı biz, tələbələrə də gözəl musiqini və onun haqqında maraqlı fikir və düşüncələri izləmək nəsib olurdu. Hiss olunurdu ki, bütün bu musiqi bayramlarının nəbzi Niyazidir. Hər bir insan, tədbirdən gedərkən mənəvi zənginlikləşirdi. Və mənə sual verəndə ki, Niyazi ilə nə zaman tanış oldunuz, deyirəm – uşaqlıqdan”.
    Bir sıra kamera musiqisi: prelüdlər, pyeslər, skertso, trio tələbəlik illərinin məhsuludur. Lakin III kursda bəstəkar balet süitası yazır və bu süita ilə Niyaziyə yaxınlaşır. Bəlkə də bu görüş bəstəkarın sonrakı istiqamətini həll edəcəkdir. Bunu Niyazinin münasibəti göstərdi. Onların ilk görüşü haqqında A.Məlikov belə danışır: “Bir gün mən balet süitası ilə Niyazinin yanına gəldim. O, mənə baxıb dedi: ”Sən kimsən?, mən dedim ki, III kurs tələbəsiyəm. O isə qətiyyətlə cavab verdi: “Mən tələbə əsəri çalmıram”. Mən dönub getmək istəyəndə, Niyazi dedi: “Əlindəki nədir?”, dedim: “Partitura”. O, partituranı götürdü və 40 dəqiqə əsəri vərəqləyərək notlara baxdı. Nəhayət, cavab verdi: “Mən bu süitanı ifa edəcəyəm, lakin orkestr səslərini kim köçürəcək?”. Mən sevinərək dedim: “Maestro, Siz ifa edəcəksinizsə, mən özüm səsləri köçürərəm”. Beləliklə, balet süitasının bütün orkestr səslərini özüm yazdım və onlar indi də filarmoniyanın kitabxanasındadır. Bu süita ilə mənim orkestrə məhəbbətim başladı”.
    Həqiqətən, A.Məlikovun yaradıcılıq bioqrafiyasında Niyazinin müstəsna rolu olmuşsur. “Belə bir görkəmli ifaçı yoluma çıxmasaydı, - deyir Arif müəllim, - bəlkə də mənim musiqiyə münasibətin bir başqa olardı”. Niyazi gənc bəstəkarın istedadını, məqsədyönlülüyünü və çalışqanlığını görürdü və bəlkə də buna görə onun bir çox əsərlərinin ilk ifaçısı olurdu. Bəstəkar isə öz növbəsində onu “mənəvi atam”, “mənim ikinci müəllimim” deyə adlandırırdı. Xatirladaq ki, Mariin teatrında ilk baletinin premyerasında Arif Məlikov Niyazinin dirijorluq etməsinin tələb etmişdi. Şostakoviçin bu fikri heç təsadüfi deyil: “Musiqinin təfsirində və tamaşanın quruluşunda dirijor Niyazinin görkəmli rolunu həmən qeyd etmək lazımdır”.
    Arif Məlikovun dirijorluq sənətinə olan məhəbbəti də Niyazi ilə ünsiyyətdə olarkən artırdı. Bəstəkar deyir: “Mən həmişə təəssüflənirdim ki, Azərbaycan konservatoriyasında dirijorluq sinfi yoxdur. Birdən Niyazi elan edir ki, sinif açmaq istəyir. Birinci olaraq mən xahiş etdim ki, məni sinifinə yazdırsın. Təəssüf ki, Niyazi istədiyini həyata keçirə bilmədi... Dirijorluğa olan məhəbbətim məni konsertlər zamanı bu sənəti vizual olaraq diqqətlə izləməyə və öyrənməyə sövq etdi. Niyazinin çoxsaylı məşqləri, bədii təəssüratdan əlavə, mənim şüurumda musiqinin dirijorluq tərəfindən praktiki təcəssümü kimi həkk olunmuşdur”.
    Bəstəkarın bu istedadı ilk dəfə 1962-ci ildə Bakıda “Məhəbbət əfsanəsi” baletinin tamaşasında açıqlanmışdır. Sonradan A.Məlikov dəfələrlə Bakıda və Moskvada, Avropanın müxtəlif şəhərlərində özünün müəllif konsertlərində dirijorluq etmişdir, hətta birinci dirijorluq kateqoriyasına layiq görülmüşdür.
    Tələbəlik illərinə qayıdarkən, vurğulayaq ki, üçüncü kursdan Arif Məlikov Soltan Hacıbəyovun sinfində alətşünaslıq kursu keçir və orkestrşünaslığa böyük maraq göstərir. Bunun nəticəsi olaraq S.Raxmaninov, P.Çaykovski, M.Musoqski, D.Şostakoviçin müxtəlif əsərlərini orkestr üçün işləyir. Bu illərdə o, bir sıra instrumental konsertlər təşkil edir, müxtəlif alətlər üçün əsərlər yazır: Fleyta və orkestr üçün konsertino, Qoboy və orkestr üçün konsert. Dördüncü kursda isə “Nağıl” simfonik poema yaranır. Bu əsər bəstəkarın erkən yaradıcılığının ən parlaq əsərlərindən hesab olunur. Bir il sonra Arif Məlikov dördhissəli Birinci simfoniyasını diplom işi kimi təqdim edir. Təbii ki, əsərin ilk ifaçısı Niyazi olmuşdur, bu da gənc bəstəkar üçün çox şərəfli idi.
    Konservatoriyanı bitirdikdən sonra Arif Məlikov iri həcmli səhnə əsəri yazmaq qərarına gəlir və A.Zöhrabbəyovun “Odlar ölkəsi” kitabı əsasında baletə başlamaq istərkən, müəllimi Q.Qarayevin tələbəsinə təqdim etdiyi kiçik libretto bütün planları dəyişir...
    Nazim Hikmətin pyesi əsasında yazılan libretto bəstəkarın marağına səbəb olur və o, əsərin əsl mənbəsinə müraciət edir. Beləliklə, Arif Məlikovun yaradıcılığında ilk iri həcmli əsər üzərində iş başlayır.
    Baletin üzərində bəstəkar iki il işləyir və 23 mart 1961-ci ildə “Məhəbbət əfsanəsi” baletinin Leninqrad (Sankt-Peterburq) səhnəsində möhtəşəm premyerası baş tutur. Bu balet Arif Məlikova dünya şöhrəti qazandırıb və dünyanın bütün böyük səhnələrində tamaşaya qoyularaq, bu günə qədər aktuallığını itirmir. A.Dmitriyev söyləyirdi: ““Məhəbbət əfsanəsi” baletinin ilk tamaşası teatr həyatımızda ən möhtəşəm və fərəhli hadisədir”. Böyük teatrın baş baletmeysteri Y.Qriqoroviç balet haqqında deyirdi: “Arif Məlikovun baletinin bizim səhnədə tamaşaya qoyulması – sevindirici hadisədir. Əsərin olduqca ifadəli musiqi dili var”.
    Baletin ikinci premyerası Novosibirskdə olmuşdur. Bakıda isə “Məhəbbət əfsanəsi” 1962-ci ildə tamaşaya qoyulmuşdur.
    Nazim Hikmət baletin premyerasından sonra söyləyirdi: “Arif Məlikov “Məhəbbət əfasnəsi” baletini yazmaq istədiyini mənə deyəndə bu, mənim üçün çox sevincli gün idi. Bu gün gördüklərim isə əbəs yerə sevinmədiyimi təsdiq etdi. Mən bir daha əmin oldum ki, bəzilərinin istəyinə rəğmən, balet muzey sənəti deyil, müasir sənətdir... Mən çox həyəcanlanırdım ki, görəsən Şərq səhnədə necə təcəssüm olunacaq. Gördüklərimdə heç bir təqlid, heç bir üslublaşdırma yox idi”. D.Şostakoviç isə: “Yeni balet sovet xoreoqrafiyasında böyük hadisədir” və “bu tamaşa bir mərhələdir”, - demişdir. Bu möhtəşəm əsər yüksək insani keyfiyyətləri qabarıq göstərir və bu zəngin lirika, ecazkar ahəng və emosional rəngarəngliklə dolu musiqidə öz əksini tapmışdır. Təbii ki, gözəl xoreoqrafiya və düzgün qurulmuş dekorasiyalar da bütün aamilləri tamamlayırdı.
    İlk akkordlardan əsər tamaşaçının diqqətini cəlb edir, onu gərginlikdə saxlayır. İlk akkordlarından danışarkən, bir qədər açıqlama vermək istərdim. Beləliklə, beş sənətkar – Nazım Hikmət (yazıçı, süjetin müəllifi), Arif Məlikov (bəstəkar), Yuri Qriqoroviç (xoreoqraf), Simon Virsaladze (rəssam) və Niyazi (dirijor) – baletin uğur qazanmasında mühüm rol oynamışdırlar, bunu nəzərə alaraq, bəstəkar belə bir jest etmiş – baletin ilk beş akkordlarını bu “beşliyə” həsr etmişdir. Belə ki, uvertürasından əvvəl səslənən beş akkord baletin quruluşçu qrupunun yaradıcılıq birliyini göstərir.
    Baletin görkəmli ifaçıları sırasında Maya Plisetskaya, Leyla Vəkilova, Raisa İzmaylova, Dönməz Hacıyev, Maqsud Məmmədov, Rəfiqə Axundova, Svetlana Adırxayeva, Nataliya Bessmertnova, Marina Kondratyeva, İrina Kolpakova, İrma Nioradze, Maris Liepa, Vladimir Tixonov, Mixail Lavrovski, Vyaçeslav Qordeyev və digər adları çəkmək olar. Bu da bu baletin yüksək səviyyəsindən xəbər verir. Qeyd edək ki, baletin ifası üçün Braziliyada suyun üzərində xüsusi səhnə belə qurulmuşdu.
    “Məhəbbət əfsanəsi”ndən Arif Məlikovun Nazim Hikmətlə yaxın dostluq münasibətləri başladı və bəstəkar – şair ünsiyyətinin nəticəsində bir sıra parlaq əsərlər ərsiyə gəldi.
    Nazim Hikmət baletin onun vətənində səslənməsini çox arzulayırdı. Nəhayət, İstanbulda premyerası baş tutdu. Amma, çox təəssüf ki, türk yazıçısı bunu görə bilmədi. Lakin Arif Məlikov, öz övladlıq borcunu yerinə yetirərək, şairin gəzişdiyi Qalat körpüsünə gəlir və onun xatirəsini yad edib Mərmərə dənizinin sularına qızıl güllər atır. Ruhu şad olsun...
    İlk baletindən sonra A.Məlikov bu janrdan bir qədər uzaqlaşır. Özünü simfonik musiqidə ifadə edir. İkinci “Bu torpaqda iki nəfər” bir aktlı baletindən bəstəkar belə danışır: “Leninqrad səhnəsində “Məhəbbət əfsanəsi”ndən sonra ikinci baletim də tamaşaya qoyuldu. Librettonu Robert Rojdestvenski yazmişdi. Çalışmışdıq ki, ilk planda bu fikir irəliyə çəkilsin ki, böyük məhəbbət həmişəyaşardır, əbədidir, heç bir müharibə, heç bir dağıntı bu hissə qalib gələ bilməz. “Bu torpaqda iki nəfər” tamaşasının quruluşçu baletmeysteri Dağıstan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, gənc, lakin təcrübəli və istedadlı xoreoqraf, balet sənətinin bilicisi Oleq Vinoqradov, quruluşçu rəssamı A.Dmitriyevadır”. Balet 1969-cu ildə Mariin teatrında səhnəyə qoyulmuşdur.
    Bəstəkarın “İki qəlbin dastanı” baletinin premyerası 1983-cü ildə Daşkənd və Kuybışev (Samara) səhnələrində olmuşdur. Baletin yaranması haqqında bəstəkar deyir: “Əvvəlcə söz olmuşdur. Xalq iki ürəyin məhəbbət tarixçısi haqqında əfsanə yaratmışdır. On yeddinci əsrdə Hindistanda yaşamış özbək şairi və mütəfəkkiri Mirzə Əbdülqadir Bedil bu rəvayət əsasında hind rəqqasəsi Komde və Orta Asiyadan olan cavan musiqiçi Modanın məhəbbətindən bəhs edən poema yaratmışdır. Bedilin poemasından ilhamlanan təkcə tanınmış dövlət xadimi deyil, həm də şair və nasir olan Şərəf Rəşid oğlu Rəşidov özünün “İki qəlbin dastanı” poemasını yazmışdır. Zaman baryerini aşan bu qədim əfsanə iyirminci əsr adamının dünya duyumu prizmasından keçərək yeni ovqatla səsləndi”.
    Süjet və düşüncə baxımından balet olduqca orijinaldır. Baxmayaraq ki, baletdə yalnız öldükdə qovuşan faciəvi sevgidən bəhs olunur, lakin ölüm özü burada əbədi məhəbbətin simvoluna çevrilir. Bu səhnə əsərində bəstəkar həm librettoçu, həm də rəssam rolunda çıxış edir.
    “Məhəbbət əfasəsi” baletindən sonra Arif Məlikov bir müddət balet janrına müraciət etmir və simfonik musiqiyə üstünlük verir və simfonist kimi də müasir musiqi dünyasında böyük rəğbət qazana bilmişdir.
    Qeyd olunduğu kimi, Birinci simfoniya bəstəkarın diplom işi olub.
    İkinci simfoniya dramaturji təzadlarına əsaslanan altı hissəli monumental əsərdir. D.Şostakoviç özünə həsr olunmuş İkinci simfoniyanın ilk ifasından sonra rəyini belə bildirmişdi: “Partituranıza görə mənim dərin minnətdarlığımı qəbul edin. Gözəl musiqi əsəri münasibəti ilə təbrik edirəm. Mənə ithaf olunmasına sevinir və fəxr edirəm”. Şostakoviç Məlikovu həm də “öz musiqi nəvəsi” adlandırırdı. G.Rojdestvenski isə belə deyirdi: “Müasir dövrün görkəmli bəstəkarı Dmitri Şostakoviçə ithaf etdiyi İkinci simfoniya istedadlı, parlaq əsərdir. Zənnimcə, bu əsər müəllifin yaradıcılığında mərhələ təşkil edir. Müasir musiqi ənənələrinə söykənən simfoniya eyni zamanda Azərbaycan xalq melosuna əsaslanır”.
    Ümumiyyətlə, A.Məlikovun simfoniyaları avtobiqrafik səciyyəlidir. Burada əsas qəhrəman da elə bəstəkar özüdür. Obraz dünyası isə mürəkkəb və çoxşahəlidir. Burada o, milliliklə müasirliyi ustalıqla sintezləşdirə bilmişdir.
    Üçüncü simfoniyanın yaranma tarixi “Svyata Sofiya” Yuqoslaviya kamera orkestri ilə bağlıdır. Yuqoslaviyaya səfər edərkən orkestrin dirijoru Tom Proşevin xahişi ilə bəstəkar orkestr üçün pyes yazır. Bu həmkarlıq çox uğurlu olduğundan pyesin ardından Məlikov 15 nəfər ansambl üzvlərinin hər birinin yüksək ifaçılıq ustalığını nəzərə alaraq yeni simfoniya yaradır.
    Dördüncü simfoniyada A.Məlikov muğam inkişaf prinsipinə dayalanır. Birhissəli simfoniyada çoxhissəli quruluş ustaliqla nümayiş olunur. Eyni zamanda milli ruhu, milli düşüncəni pozmadan burada müasir serial texnikadan və polifonik quruluşdan da məharətlə istifadə olunur. Bəstəkar vurğulayır: “Sənətkar musiqi aləmində baş verənlərdən xəbərdar olmalıdır. Dodekafoniya, aleatorika, kollaj, sonoristik effektlər konkret musiqi yaradıcılığında istifadə oluna bilər. Lakin hər bir halda müəllif bu üsullardan yalnız bədii qayəni qabartmaq naminə istifadə etməlidir... Mən bu qənaətə gəlmişəm ki, xromatizm və konstruktiv məntiqin milli təfəkkürün səciyyəvi cəhəti kimi çıxış etdiyi Şərq milli musiqi mədəniyyətinə dodekafoniya, aleatorika zidd deyildir”. Bu məntiq və düşüncəni bəstəkar öz musiqisində ustalıqla göstərə bilmişdir.
    Beşinci simfoniya ifa olunmayıb. Dördüncü simfoniya ilə Altıncı arasında sıx bağlılıq var. Altıncı simfoniya “Təzadlar” – iki hissəlidir və bu hissələr həyatdakı ziddiyyatları özündə ehtiva edir. Əsas məqsəd – real həyatın gərginliyini, xeyir və şər qüvvələrini əks etdirməkdir.
    Yeddinci simfoniyanın yaranma tarixi çox maraqlıdır. Arif Məlikov uzun illər türk həkimi, maarifçi və metsenat İhsan Doğramacı ilə dostluq münasibətlərində olub. 1994-cü ildə İ.Doğramacı bəstəkara simfoniya yazmağı təklif edir. Onun razılığını aldıqdan sonra bildirir ki, gəzdikləri boş çəmənlikdə simfoniyanın şərəfinə konsert salonu inşa olunacaq. 11 ay ərzində bu saray tikildi. Yeddinci simfoniya burada müvəffəqiyyətlə səsləndi. Simfoniya ilə birgə A.Məlikov İ.Doğramacıya bir sənət əsəri – “Badam ağacının budağı” adlı rəsmini də təqdim etdi. Çox qürurvericidir ki, bu möhtəşəm sənət sarayında ilk dəfə Yeddinci simfoniya təqdim olunmuşdur. Dünya musiqi tarixində belə bir hadisə ilk dəfə Almaniyada olmuşdur: Kral Kayzer tanınmış bəstəkar Rixard Vaqnerin şərəfinə opera teatrı tikdirmişdi.
    Səkkizinci simfoniyanın tarixi daha fərqlidir. Məlumdur ki, Arif Məlikovu bir sənətkar və insan kimi Heydər Əliyev yüksək dəyərləndirirdi. Uzun müddət onları dərin hörmət və dostluq birləşdirirdi. Bir gün H.Əliyev bəstəkara onunla böyük səyahətə Məkkəyə ziyarətinə getməyi təklif edir. Müqəddəs Həcc ziyarəti maraqlı və yaddaqalan olur. Möhtəşəm məkanları gəzib, dualar etdikdən sonra Ulu öndər Arif Məlikova bu məkanlardan ruhən zənginləşib, ilhamlanaraq böyük və gözəl bir simfonik əsər yazmasını təklif edir. Beləliklə, Səkkizinci “Əbədiyyat” simfoniyası yaranır.
    Simfonik əsərlər siyahısına bir maraqlı əsər də daxildir: simfonik poema “Metamorfozlar”. Əsər həyatdakı dəyişkilkləri əks etdirir və bu prinsip əsərin dramaturji inkişafında göstərilir. “Metamorfozlar” müəllifin yaradıcılıq təkamülündə müəyyən etapdır.
    Digər çox maraqlı əsər Arif Məlikovun son illərdə yazdığı və qızı Şirin xanıma həsr etdiyi Fortepiano və simfonik orkestr üçün konsertdir. Əsərin ilk ifaçısı bəstəkar və pianoçu Ceyhun Allahverdiyevdir. Sonralar Almaniyada yaşayan azərbaycanlı pianoçu Adilə Əliyeva da bu konserti ifa etmişdir.
    Konsert çox qısa müddətdə - 30 gün ərzində yazılmışdır. Burada yeni musiqi bəstəkarın əvvəlki illərdə yazılan musiqisi ilə vəhdətdə təqdim olunub. Məsələn, “Lay-lay” Arif Məlikovun qızı anadan olduğunda yazılmışdır və uzun illərdir “öz məqamını” gözləyərək Fortepiano konsertində yeni ifadəsini tapmışdır. Eyni zamanda bəstəkarın balet musiqisi fərqli, yeni görkəmdə səslənir. Burada patetika, lirik duyğular hiss olunur. Sanki gizli, sirli dünyaya daxil olursan, heç kəsin bilmədiyi bir dünyaya. Bu, həm emosiya, həm duyğu, həm zamandır...
    Fortepiano konserti ilk dəfə 2014-cü ildə Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin ifasında təqdim olunub.
    Arif Məlikovun yaradıcılığında opera janrı olmasa da, o, teatr musiqisinin digər növü – operettaya müraciət edib. 1967-ci ildə o, A.Kürçaylının əsəri əsasında maraqlı, obrazlı “Dalğalar” adlı musiqili komediyasını yazır. Operetta müasir mövzuda, Xəzər dənizinin balıqçılarının həyatına həsr olunub. Burada rəngarəng orkestr, müasir harmonik dili, milli koloritli melodiyalar böyük yer tutur. 1968-ci ildə müasir mövzuda Ümumittifaq teatr tamaşalarının baxışında “Dalğalar” operettası Birinci dərəcəli diploma layiq görülüb.
    A.Məlikov simfoniyalarla yanaşı simfonik poema və süita janrına da müraciət etmişdir. Onların sırasında “Nağıl”, “Unutmayın”, “Qəhrəmani poema”, “Füzuli” (simli orkestr üçün poema), “Vətən”, “Axırıncı aşırım” və “Metamorfozlar” simfonik süitalar qeyd oluna bilər.
    Arif Məlikovun kamera musiqisi onun yaradıcılığında əhəmiyyətli və mühüm yer tutur. Kamera musiqisi bəstəkar yaradıcılığının maraqlı, dərin və özünəməxsus səhifələrindəndir.
    Bəstəkarın kamera musiqisini iki yerə ayırmaq olar: instrumental və vokal musiqi. Kamera-instrumental musiqiyə onun erkən prelüdləri, fortepiano pyesləri (“Skertso”, “Noktürn”, “Zarafat”, “Təzadlar” və s.), iki piano üçün Skertso, Violin və fortepiano üçün Skertso, “Anlar” silsiləsi, eləcə də solo violin üçün Sonata və digər əsərlər aiddir.
    Arif Məlikovun kamera musiqisi ifaçıların daim diqqət mərkəzində olaraq, təkraredilməzliyi, harmoniyaların nəfisliyi, sadə formada mürəkkəb dramaturji obraz məzmununun ustalıqla ifadə edilməsi ilə diqqəti cəlb edir. Bu əsərlər təkraredilməz xüsusiyyətləri ilə fərqlənərək həm vətənimizdə, həm də ölkə hüdudlarından kənarda şöhrət qazanmışdır.
    Arif Məlikovun yaradıcılığında vokal musiqi janrı da vacib yer tutur. Bəstəkar Nazim Hikmətin sözləri əsasında səs və fortepiano üçün üç romans silsilələrinin və Almas Yıldırımın sözlərinə “Azərbaycan” balladasının, müxtəlif şairlərin mətnlərinə mahnı və romansların müəllifidir. Vokal musiqi janrına maraq bəstəkarda hələ yaradıcılığının erkən dövründə başlamışdır. Artıq 1962-ci ildə, baletin müvəffəqiyyətli premyerasından dərhal sonra, Məlikov özünün ilk romans silsiləsini yazır. Bəstəkar bu janra bütün yaradıcılığı boyu müraciət etmişdir.
    Cəsarətlə deyə bilərik ki, N.Hikmətin sözlərinə yazılmış vokal silsilələr bəstəkarın yaradıcılığında mərhələ olmaqla yanaşı, həm də müasir Azərbaycan kamera-vokal lirikasının zirvəsini təşkil edir.
    Qeyd edək ki, A.Məlikov yaradıcılığında N.Hikmətin poetik mətni dərin ifadəsini taparaq, nəinki obrazlı-emosional cəhətdən, eləcə də gerçəkliyin lirik-psixoloji baxımdan yenidən mənalandırılmasına səbəb olmuşdur.
    “Azərbaycan” balladası 1995-ci ildə A.Yıldırımın sözlərinə bəstələnmişdir. Bu, lirik-psixoloji əsər insanın öz vətəninə məhəbbəti, ən zərif və coşğun hissləri ilə aşıb-daşır. Yəqin ki, məhz elə bu cəhət öz doğma torpağını sevən bəstəkarın diqqətini cəlb etmişdir.
    Arif Məlikov Üçüncü romans silsiləsini və “Azərbaycan” balladasını “Əbədiyyət” adlandırdığı Səkkizinci simfoniyasına daxil etmişdir.
    Kino musiqisinə bəstəkar gənc yaşlarından və bütün yaradıcılıq boyu müraciət etmişdir. A.Məlikovun kino sahəsində ilk işi 1963-cü ildə üşaqlar üçün çəkilmiş “Sehli xalat” filminə yazdığı musiqisi olmuşdur. O vaxtdan onun bu sahədə çalışaraq, bir sıra filmlərə, o cümlədən, “26 Bakı komissarı”, “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qərib cinlər ölkəsində”, “Qatarda ölüm”, “Səyavuş”, “Rüstəm və Zöhrab”, “Hacı Qara”, “Dənizdən siqnal”, 5-seriyalı “Şahnamə” filmi, həmçinin “Qız qalası” və “Dədə Qorqud” cizgi filmlərinə musiqi bəstələmişdir. Məlum olduğu kimi, kino musiqisi yazmaq o qədər də asan iş deyil, çünki bu janrda da müəyyən çərçivələr və tələblər var. Lakin bu sahə bəstəkarı cəlb edir və dəyərli məhsul verməyə vadar edir. Kino və tamaşalara musiqi yazarkən A.Məlikov yenə də simfonist olaraq qalır, öz musiqisi ilə süjeti daha da dərinləşdirir və psixoloji tamamlayır. Onun bir çox kino və tamaşalara yazdığı mahnılar sevilərək sərbəst şəkildə ifa olunur.
    Məlikovun musiqisi intonasiya müxtəlifliyi ilə seçilir. Səciyyəvidir ki, klassisizm, romantizm, impressionizm kimi müxtəlif üslub və musiqi istiqamətlərinin ifadə vasitələrinə yiyələnən bəstəkar yalnız özünə xas olan Məlikov yazı dəst-xətti yaratmış və ənənəvi müasir üslubu özünəməxsus yazı tərzi ilə emal etməyə müvəffəq olmuşdur.
    Zəngin və məhsuldar musiqi həyatı keçmiş bəstəkarın 75 illik yubileyi ilə əlaqədar 2008-ci ildə Bakı şəhərində Beynəlxalq musiqi festivalı keçirilmişdir. İki həftəlik musiqi forumunda bəstəkarın kamera, simfonik musiqisi və yaradıcılığının zirvəsi sayılan “Məhəbbət əfsanəsi” baleti Mariinskiy teatrının truppasının ifasında təqdim olunmuşdur. Festivala bir çox yerli və xarici ifaçılar dəvət olunmuşdu. Bu festival bir daha bəstəkarın yaradıcılığının zəngin, maraqlı, çoxşahəli və geniş olduğunu sübut etmiş oldu.
    Qeyd etmək istərdik ki, Arif Məlikov əsl vətənpərvərdir. O, ötən əsrin 90-cı illərində baş verən qanlı Qarabağ hadisələrini dərindən duymuşdur. Öz vətəndaşlıq hiss və həyəcanlarını, doğma yurduna olan vətənpərvər münasibətini A.Məlikov “Mən ittiham edirəm...” adlı fundamental kitabında parlaq şəkildə ifadə etmişdir. Kitab Bakıda “Gənclik” nəşriyyatında, 1994-cü ildə nəşr edilmişdir. Bu kitabın əsasını sovet hakimiyyətinin siyasi və hərbi orqanlarının yalanlarını və saxtakarlıqlarını ifşa edən nadir sənədlər, eləcə də bir çox insanların şəxsi müşahidələri və dəlilləri təşkil edir. Arif Məlikovun “Mən ittiham edirəm...” kitabı 1990-cı il 19-20 yanvar hadisələrinin qızğın və alovlu bir dövründə toplanılmış materiallara əsaslanan sənədli oçerkdir.
    A.Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətindən danışarkən, həmçinin qeyd olunmalıdır ki, bəstəkarlıqla yanaşı, o, pedaqoji fəaliyyətlə də məşğuldur. Eyni zamanda Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasına rəhbəridir. A.Məlikov nəinki dahi bəstəkar, istedadlı rəssam, dirijor, eyni zamanda çoxlu sayda tələbə yetişdirən və yetişdirməkdə davam edən gözəl pedaqoqdur. Onun tələbələrinin əksəriyyəti müəllimdən mənimsədikləri ənənələri ləyaqətlə davam etdirirlər.
    Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Türkiyə, Yaponiya, Böyük Britaniya, Braziliya, Fransa, Avsriya, Norveç, Finlandiya, İtaliya, Misir, Yuqoslaviya, Tayland, Rumıniya, Macarıstan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova, Gürcüstan, Ukraynada ifa olunur. Bəstəkar Azərbaycan və dünya mədəniyyətinə verdiyi töhfələrə, sənətdə etdiyi xidmətlərə görə yüksək qiymətləndirərək, müxtəlif mükafat, orden və titullarla təltif olunub. O, iki dəfə SSRİ Ali Sovetinin deputatı seçilmişdir, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Milli Elmlər Akademiyasının həqiqi üzvü – akademik, Azərbaycan Respublikasının “İstiqlal” ordeni, Üzeyir Hacıbəyli və bir çox xarici dövlətlərin orden və medalları, “Şöhrət nişanı”, Heydər Əliyev Mükafatı laureatı, “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.
    Bütün bu nailiyyətlərə baxmayaraq, Arif Məlikov bu gün də yaradıcılıq axtarışlarındadır. Hazırki dövrdə o, Doqquzuncu simfoniya və “Yusif və Züleyxa” baleti üzərində işləyir.
    Arif Məlikov Azərbaycan musiqi mədəniyyətinin həm tarixi, həm də canlı əfsanəsidir.
    Arif müəllim, Sizi 85 illik yubilyiniz münasibəti ilə təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq. Hər zaman yanımızda olun, bizlərə yol göstərin yetər.

     

    Aytən İbrahimova
    sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas