• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 sentyabr 2018-ci il

    Milli musiqi günü. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə verdiyi Sərəcama əsasən 18 sentyabr “Üzeyir Musiqi Günü” kimi qeyd edilir.

    Bu ənənəyə sadiq qalaraq sentyabr ayında dahi bəstəkarımız, Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, publicist, ictimai xadim Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir, konfranslar, hətta Beynəlxalq Festivallar Respublikiamızda ənənə halına çevrilərək təntənə ilə keçirilir. Bu minvalla təkcə Bakıda deyil, hətta rayonlarımızda da bəstəkara ithaf olunan konfranslar, konsertlər, festivallar ictimai kütləyə təqdim olunur. Xüsusən Azərbaycan Prezidenti yanında “Bilik Fondu”na da öz təşəkkürümüzü bildirməliyik ki, belə təqdirəlayiq tədbirlərlə insanları maarifləndirirlər. Belə tədbirlərdən biri də ənənə kimi sentyabr ayının 22-də saat 12.00-da M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində keçirildi. Belə ki, M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin direktoru Gülşən Quliyeva və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova çıxış edərək "Milli Musiqi Günü"nün ölkəmizdə çox əlamətdar gün olduğunu bir daha təsdiqlədilər.

    Gülşən xanım mühazirə-konsertin açılışını edib, hamıya öz dərin minnətdarlığını bildirdi. Sonra Azərbaycan Prezidenti yanında "Bilik Fondu"nun məsləhətçisi Sevinc Babayeva Azərbaycanda Milli musiqi günü və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar maraqlı çıxış etdi. Sevinc xanımın çıxışından sonar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədbiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Fidan Nəsirova “Milli musiqi günü” adlı məruzə ilə çıxış etdi. Çıxışda Fidan Nəsirova Üzeyir Hacıbəyli, qardaşları Zülfüqar, Ceyhun Hacıbəylilər və Müslüm Maqomayevin yaradıcılıq irsinə müraciət edərək, hətta musiqi əsərlərindən nümunələr və slayd da tədbirdə öz əksini tapdı.

    Tədqiqatçının mühazirəsindən sonra məktəbin laureat adını qazanmış şagirdlərin ifasında konsert təqdim olundu. İstedadlı şagirdlərin ifası, məktəbin şagirdlərindən ibarət “Fantaziya” skripkaçılar ansamblının ifası ilə konsert və bu günkü Milli Musiqi Gününə həsr olunmuş tədbir tamamlandı. Tədbir çox maraqla qarşılandı. Sonda iştirakçıları təbrik edib, bol nailiyyətlər arzuladıq. İstedadlı şagirdlərin belə gözəl nailiyyətləri Vətənimiz üçün böyük uğurdur.


    “Şifahi ənənəli Azərbaycan professional musiqisi və
    onun yeni istiqamətlərinin tədbiqi: Orqanologiya və Akustika”
    elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
    Süleymanova Rüqiyyə