• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr 2018-ci il

    “Professional Şərq musiqisinin atası”

    18 Sentyabr! “Milli Musiqi Günü”!

    Bu tarix Azərbaycan xalqının əhəmiyyət kəsb etdiyi günlərindən biridir. Bu günün musiqi günü kimi qeyd olunması ənənəsini Azərbaycanın görkəmli bəstəkarı və dirijoru maestro Niyazi tərəfindən qoyulub. Daha sonra isə bu dəyərli tarixi 1995-ci ildə ulu öndər Heydər Əliyev əbədiləşdirərək Üzeyir Hacıbəylinin 110 illik yubileyi münasibətilə 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması ilə bağlı fərman imzalayıb.

    Qeyd edək ki, 1885-ci il sentyabrın 18-də anadan olan Üzeyir Hacıbəylinin musiqi irsi bütün bəşəriyyət üçün ilk gündən başlayaraq bu günə kimi daima dəyərli bir xəzinə olmuşdur. Şərqdə ilk operanın əsasını qoyan və musiqili komediya janrını yaradan görkəmli şəxsiyyətin yaradıcılıq dühası çoxşaxəlidir. Onun “Leyli və Məcnun “ operası təkcə Azərbaycan musiqisi üçün deyil, bütün Şərq üçün ilk opera olmuşdur. Üzeyir Hacıbəylinin bütün əsərlərində olduğu kimi musiqili komediyalarında belə Azərbaycan xalqının məişəti, milli adət və ənənələri öz əksini taparaq bəstəkar tərəfindən çox böyük əzmkarlıq ilə təqdim olunmuşdur. Yaradıcılığında daima Azərbaycan xalqının əzəmətini, qüdrətini, onun zəngin mənəviyyatını dönə-dönə vurğulayan bəstəkarın Azərbaycanın mədəniyyətinə bəxş etdiyi dəyərli musiqi incilərindən digəri isə “Koroğlu” operasıdır.

    Üzeyir Hacıbəylinin yaradıcılığında marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər, 300-dən artıq xalq mahnılarının toplanıb nota salınması Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.

    Azərbaycan musiqisinin tacı olan Üzeyir bəy dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, ictimai xadim olmaqla yanaşı həmçinin tələbələrinə ata qayğısı ilə yanaşan pedaqoq olmuşdur.

    Onun elmi-nəzəri məqalələri və “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası Azərbaycan musiqi elminin inkişafının qiymətili töhfəsi olmuşdur.
    Yaradıcılığında fövqəladə dəyərlərinin zənginliyi ilə seçilən Üzeyir bəyin doğum günü 1995-ci ildən Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd edilir. Bu münasibət ilə ölkəmizdə artıq X Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu ildə görkəmli şəxsiyyətin adını daşıdığı musiqi ocağının qarşısında Üzeyir bəyin doğum günü və “Milli Musiqi Günü” təntənəli surətdə qeyd olundu.

    Bütün musiqisevərləri öz ətrafına toplayan ocağda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı professor Murad Kajlayev və b. tanınan simaların iştirakı ilə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü və “Milli Musiqi Günü” qeyd olundu.

    Tədbir Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertürasının səslənməsi ilə başladı.

    Çıxış edən Mədəniyyət və Turizm naiziri, cənab Ə.Qarayev Üzeyir Hacıbəylinin milli musiqi mədəniyyətimizə, musiqi elminə bəxş etdiyi əvəzsiz fəaliyyətindən və bu günə kimi gəlib çıxmış tarixi əhəmiyyətindən danışaraq həmçinin XX əsrin əvvələrində milli opera teatrının təşəkkülü və inkişafında fəal iştirak edən dahi şəxsiyyət Müslüm Maqomayevin yaradıcılığını əks etirən fikirlərini bütün dinləyicilərə çatdıraraq bütün musiqiçiləri təbrik etdi.

    Daha sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin adı ilə bağlı olan X Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən söhbət açaraq, dahi bəstəkarın bənzərsiz yaradıcılığından olan əsərlərin dünyanın ən tanınmış musiqi salonlarında səslənməsinin xalqımız üçün çox böyük uğur olduğunu dinləyicilərə çatdırdı.

    Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli öz çıxışında ilk öncə bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini daha sonra isə mədəniyyətimizin qurucusu olan Üzeyir bəyin açdığı bu yolda müvəfəqiyyətlə irəliləyən musiqiçilərin çox olmasının mədəniyyətimiz üçün ən parlaq yol olduğunu vurğulayan məhşur pianoçu öz növbəsində bütün musiqi ictimaiyyətinin Milli Musiqi Günü münasibətilə təbrik etdi. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi də öz çıxışında bəstəkarın bəxş etdiyi böyük musiqi xəzinəsindən söhbət açdı. Sonda isə SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Murad Kajlayev çıxış edərək Üzeyir bəyin zəngin irsinin, onun görkəmli şəxsiyyət olaraq Azərbaycanın musiqi mədəniyyətinə verdiyi ilklərdən, milli musiqimizin onun adı ilə bağlı olmasından danışdı.
    Ardınca Xalq artisti, general Yusif Axundzadənin rəhbərliyi ilə Müdafiə Nazirliyin Nümunəvi Hərbi Orkestri, Xalq artisti, professor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Xalq artisti, dirijor Gülbacı İmanovanın rəhbərliyi ilə Xor Kapellasının ifasında Üzeyir Hacıbəyli “Cəngi”, “Arşın mal alan” musiqili komediyasından “Qızların xoru”, “Heyratı”, Müslüm Maqomayev “Azərbaycan”, Fərhad Bədəlbəyli “Anamız Azərbaycan“ kimi bənzərsiz musiqi parçaları bütün qonaqlara dəyərli anlar yaşatdı.

    Xalqımızın milli mədəniyyəti üçün “Milli Musiqi Günü” adını almış bu tarix bütün musiqi ictimaiyyətinin bayramı olaraq növbəti dəfə möhtəşəm tədbirini həyata keçirdi.

    Milli musiqimiz, incəsənətimiz var olduqca, böyük Üzeyir Hacıbəylinin xatirəsi də hər zaman yaşayacaq!



    BMA-nın Mətbuat xidmətinin əməkdaşı,
    Musiqişünas Əhmədova Minacat