• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 aprel 2018-ci il

    Aprelin 28-də Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və İsveç elm, mədəniyyət müstəvisində” mövzusunda növbəti beynəlxalq elmi seminar keçirilib.

    Seminarda İctimai birliyin sədri, professor Naida Məmmədxanova rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrin elminə, mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Seminarın Azərbaycan ilə İsveç arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunduğu bildirilib. N.Məmmədxanova ölkələrimiz arasında tarixən dostluq və diplomatik münasibətlərdən, Nobel qardaşları və onların Azərbaycandakı fəaliyyətlərindən söz açıb. Diqqətə çatdırılıb ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.

    N.Məmmədxanova bildirib ki, bu gün mədəniyyətlərarası və dinlərarası dialoqların inkişafında böyük rol oynayan ölkəmiz multikulturalizmin mərkəzidir.

    Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan həmişə başqa mədəniyyətlərin öyrənilməsinə böyük maraq göstərib. Bugünkü seminarda da azərbaycanlı alimlər İsveç haqqında apardıqları elmi tədqiqatlar barədə məlumat verəcəklər.

    BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə akademiyada müxtəlif ölkələrin mədəniyyətinə, tarixinə həsr edilən silsilə tədbirlərin keçirildiyini söyləyib. Xalqlarımız arasında müxtəlif sahələrdə oxşarlıqların olduğunu deyən G.Abdullazadə İsveç bəstəkarlarının əsərlərinin hər zaman ölkəmizdə musiqisevərlər tərəfindən rəğbətlə qarşılandığını qeyd edib.

    Prorektor qədim zəngin ənənələrə malik İsveç mədəniyyətinin, tarixinin xalqımızın ruhuna yaxın olduğunu söyləyib.

    İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Kristian Kamil “İsveç-Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib, ölkəsinin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, elm və təhsili barədə ətraflı məlumat verib. Ölkələrimiz arasında dostluq münasibətlərindən, diplomatik və mədəni əlaqələrdən söz açan diplomat bu münasibətlərin hər zaman uğurla inkişaf etdiyini bildirib. K.Kamil Azərbaycan musiqisinə İsveçdə böyük maraq göstərildiyini söyləyib, ölkəsinin musiqi mədəniyyəti barədə ətraflı məlumat verib.

    Sonra “İsveç mədəniyyətində qadın obrazı”, “Qədim dövrün tarixi yolayrıcında”, “İnqmar Berqmanın yaradıcılığı Qərbi Avropa ədəbiyyatının kvintessensiyası kimi” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə İsveç və Azərbaycan arasında elmi, mədəni sahələrdə əlaqələrdən söz açılıb, bu cür tədbirlərin müxtəlif ölkələrin mədəniyyəti ilə tanışlıq baxımından əhəmiyyəti qeyd olunub.

    Tədbirdə gənc rəssamların əsərləri nümayiş olunub, BMA-nın müəllim və tələbələri maraqlı konsert proqramı təqdim ediblər.