• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 mart 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 31 mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib

    Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür.

    Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərində Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.

    Soyqırım zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir.

    Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

    Soyqırım münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

    Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncama əsasən, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə silsilə tədbirlərin təşkil olunduğunu bildirib.

    Tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağı əminliyini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən silsilə konfrans və tədbirlər buna bariz sübutdur.

    Belə ki, 29 mart 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.

    Professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konfransda ilk öncə Mart Soyqırımı qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Bunun ardınca bu hadisələrin dəhşətini göz önünüzə gətirmək üçün video-çarx vasitəsilə 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımının Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrini əks etdirən görüntülər izlənilib.

    Daha sonra isə qanlı tarixi əks etdirən bir sıra dəyərli məruzələr səslənib. Belə ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “XX əsrin əvvəllərində Azərbaycanda soyqrımın səbəbləri”, Fəlsəfə elmləri doktoru, professor Tərlan Quliyev “1918-1920-ci illərdə Naxçıvanda erməni-müsəlman müharibəsi və bu hadisələrin Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” əsərində təsviri”, Humanitar fənnlər kafedrası İlkanə Eminova “1918-ci il Bakıda mart qırğınları” tərəfindən səslənən məruzələr dinləyicilər tərəfindən həssaslıqla qarşılanıb.

    Konfransda məruzələr ilə yanaşı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ( İ.S. Bax – Ziloti - “Prelüd”- Rəşid Behbudov, “Sarı gəlin”- İlham Nəzərov və Tofiq Şıxıyev, Rahmaninov S.N- Etüd op.39 № 11- Heydərli N, Fore “Pavana”- Ağa-Rəhim Quliyev və Fəqan Həsənov, F.Bədəlbəyli – “Şuşa” romansı –(Rzayeva Nərmin (F-no), Kərimli Qəmər – (1 violino), Rzayev Bahadur – (2 violino), Əmişov Əli – (viola), Hüseynov Orxan (violonçell), Solist - İsmayıl Zülfüqarov (Tar -AMK-nın magistrı), Deklamator – Hüseyn Ağa Aslanov) ifasında bir sıra həzn musiqi parçaları səslənib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilən konfransda 31 mart azərbaycanlıların soyqırımında həlak olmuş qurbanlarının əziz xatirəsini yad edilməsi ilə yanaşı, səslənən məruzələr, izlənilən dəhşətli görüntülər bir daha gənc nəsillərimiz üçün qan yaddaşıdır.

    Azərbaycan xalqının tarixində dərin kədər hissi ilə yaddaşında qalan soyqırım hər zaman qəlbimizdə sağalmayacaq yara kimi öz yerində dayanacaq.

    Ermənilər tərəfindən xalqımıza qarşı törədilən qətliam tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələri xalqımız tərəfindən heç vaxt unudulmayacağ !.

    BMA-nın mətbuat xidmətinin əməkdaşı,
    Musiqişünas Minacat Əhmədova