• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 fevral 2018-ci il

    AMEA-da Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir

    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, dünya şöhrətli bəstəkarı, Xalq artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

    AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək dünya şöhrətli sənətkarın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Qara Qarayev Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş dahi şəxsiyyət, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkardır.

    Sonra Zemfira Səfərova çıxışında bildirib ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan bəstəkarın Azərbaycan musiqisinin yeni mərhələdə inkişafında misilsiz xidmətləri var. O, “Azərbaycan musiqi tarixi” kitabının üçüncü cildinin çap olunduğunu bildirib. Əlavə edib ki, həmin cild Qara Qarayevin yaradıcılığı haqqında məqalə ilə başlayır.
    Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Q.Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərinə dair məruzə edib. Firəngiz Əlizadə vurğulayıb ki, o bu dahi insanın təkcə tələbəsi deyil, həm də onunla bir yerdə çalışıb. Qara müəllim 110 musiqi əsəri yazıb. Onların hər biri əzəmətli, təkrarsızdır. Onun azad düşüncəsi öz yaradıcılığına da nüfuz etmişdi.

    Sonda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Nazir vurğulayıb ki, Qara Qarayevin 100 illik yubileyi çərçivəsində tədbirlər təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da keçiriləcək. Nazir tədbir iştirakçılarının diqqətinə çatdırırb ki, TÜRKSOY bu ili “Qara Qarayev ili” elan edib. Ə. Qarayev deyib ki, görkəmli bəstəkarın yubileyi UNESCO-da da qeyd ediləcək.

    Tədbir konsert proqramı ilə sona çatıb. Belə ki, Beynəlxalq müsabiqələr laureatı, “Gənclər mükafatı” laureatı Həsənli Fəqan, Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Suada Hacızadə və Beynəxalq müsabiqələr laureatı Cəfərzadə Fatimənin ifasında (Qara Qarayev 2 prelüd, 2 romans “Gürcüstan təpələrində” , “Mən sizi sevirdim”) əsərləri yüksək peşəkarlıqla səslənib.