• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Təbrik edirik!


    Prezident İlham Əliyev Xalq Artisti, görkəmli pianoçu Fərhad Bədəlbəyliyə “İstiqlal” ordenini təqdim edərək təbrik etdi:

    -“Hörmətli Fərhad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı sənətinizlə sevindirirsiniz, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verirsiniz. Siz gənc yaşlarınızdan dünyada da Azərbaycanı ləyaqətlə təmsil edirsiniz, Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bildiyimə görə, hələ 50 il bundan əvvəl beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüsünüz və beləliklə, öz istedadınızı bütün dünyaya nümayiş etdirmisiniz.

    Siz həm bəstəkar, həm peşəkar musiqiçi kimi dünya miqyasında öz layiqli yerinizi tuta bilmisiniz və Azərbaycan xalqı sizi sevir və sizi yüksək qiymətləndirir. Siz gənc kadrların hazırlanmasında çox böyük iş görürsünüz. Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında sizin çox böyük əməyiniz olubdur. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, demək olar ki, bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində sizin xüsusi rolunuz var. Şadam ki, bu gün Azərbaycan bütün istiqamətlər üzrə beynəlxalq tədbirlərin keçirilməsində öz töhfəsini verir və ölkəmizdə həm siyasi, iqtisadi, həm də idman və mədəni tədbirlər yüksək səviyyədə təşkil olunur.

    Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə həmişə çox böyük diqqət və qayğı göstərirdi. Bilirəm ki, sizin əməyinizi, sənətinizi yüksək qiymətləndirirdi, sizi bir insan kimi, bir gənc kimi də çox sevirdi. Siz bunu yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və mən sizi çox gözəl insan kimi tanıyıram. Nəinki görkəmli mədəniyyət xadimi, gözəl, vətənpərvər, prinsipial, xeyirxah insan kimi siz Azərbaycan xalqının sevgisini qazanmısınız. Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuq və bu gün də bu, belədir. Hələ sovet vaxtında siz gənc ifaçı kimi SSRİ Xalq Artisti adına layiq görülmüsünüz. O da əlbəttə ki, sizin istedadınızın sovet məkanı tərəfindən yüksək qiymətləndirilməsi demək idi. Bilirəm ki, müstəqillik dövründə sizin çoxsaylı xarici qastrollarınız olub və beynəlxalq tədbirlərdə Azərbaycanı həmişə çox yüksək səviyyədə, ləyaqətlə təmsil edirsiniz. Azərbaycan dövləti də sizi çox yüksək qiymətləndirir, sizə dövlət mükafatları verilmişdir. Bu gün isə siz yubileyiniz ərəfəsində Azərbaycan dövlətinin yüksək mükafatı – “İstiqlal” ordeni ilə təltif olunursunuz və mən istərdim ki, bu ordeni sizə təqdim edim”.