• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Seyidov Tərlan Əşrəf oğlu

    Professor, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəhəri.

    Təhsil:    1950 – 1957-ci illərdə 7 №-li Uşaq Musiqi Məktəbində (hazırkı H.Sarabski adına) fortepiano şöbəsində müəllim Mariya Yakovlevanın sinfində təhsil almışdır. 1957 – 1961-cı illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Orta ixtisas musiqi məktəbində (hazırki Bülbül adına OİMM) Nelli Yegizarovanın sinfində təhsilini davam etdirmişdir.

    1961–1966-cı illərdə ADK-nın (hazırkı Bakı Musiqi Akademiyası) professor Mayor Rafailoviç Brennerin tələbəsi olmuşdur.

    Pedaqoji fəaliyyəti:    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano" kafedrasının professoru və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktorudur. 1991-1993-cü illər ərzində BMA-nın Tədris işləri üzrə prorektoru olub.

    Elmi və ifaçılıq fəaliyyəti:   Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. O, Azərbaycan fortepiano mədəniyyətini pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığını qarşılıqlı əlaqədə araşdıran ilk tədqiqatçı olmuşdur. 100-dən artıq elmi əsərlərin, monoqrafiyaların, kitabçaların, dərs vəsaitlərinin, tədqiqi və tənqidi məqalələrin müəllifidir. Onun təşəbbüsü ilə bütün musiqi  məktəblərinə I sinifdən daxil olunan milli musiqi gen yaddaşının bərpası və fəallaşdırılmasının yeni sistemi yaradılmışdır (“Milli lad təfəkkürünün inkişafı proqramı”, “Azərbaycan xalq  musiqisinin əsasları” adaptasiya olunmuş dərs vəsaiti, çoxcildli “Azərbaycan ladlarının öyrənilməsi üzrə müntəxabat”, “Qədim milli musiqi alətləri” fənninin təşəbbüsçüsü).

    T.Seyidov bir sıra Respublika və Beynəlxalq festival və müsabiqələrin təşkilatçısıdır: “Azərbaycan milli lad sistemi tədris reperturında”; “Təhlil və ifa edir gənc musiqiçilər”, “Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında”, “Caz musiqisinin gənc ifaçıları”, "Uşaq musiqi festivalı" (2006-ci il); Qara Qarayevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Gənc musiqiçilər təhlil və ifa edir" I Respublika elmi-ifaçılıq müsabiqəsi (2008-ci il); Qara Qarayevin adına pianoçuların I Beynəlxalq müsabiqəsi və "Fortepiano Qara Qarayev yaradıcılığında" I Beynəlxalq elmi-ifaçılıq konfransı (2010-cu il); Qara Qarayevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş "Təhlil və ifa edir gənc musiqiçilər" I Respublika elmi-ifaçılıq müsabiqəsi (2013-cü il); "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarinda" I Respublika festivalı (2015-ci il).

    Prezidium sədri qismində dəvət aldığı Moskva Konservatoriyasında keçirilən Beynəlxalq elmi-ifaçılıq konfransı (Moskva, 2015). Rusiyanın Xarici İşlər Nazirliyi və Rusiya-Azərbaycan Parlamentdaxili dostluq qrupu T.Seyidovun müəllif layihələrinin irəli sürülməsi ideyasını dəstəkləmişlər və bu layihələr yaxın zamanlarda bir neçə Avropa ölkəsində gerçəkləşdiriləcəkdir. 2007-ci il – "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb. 2008-ci il – sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini alıb. Azərbaycan Bəstəkarlar İttifaqının “Musiqi ifaçılığı” şöbəsinin sədri, Azərbaycan Təhsil Nazirliyinin Elmi-metodik Şurasının “Musiqi sənəti” şöbəsinin sədri vəzifəsində çalışmışdır. Hal-hazırda professor AAK-nın incəsənət sahəsində alimlik dərəcələri və elmi adların verilməsi üzrə ekspert kimi çalışır. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Tərlan Seyidov prezidentin fərdi təqaüdünə layiq görülüb.